Milyoner sürücü... Hadisə

Milyoner sürücü...

Cahangir Hacıyevin sürücüsünün adına kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat olub

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Kamilə Hüseynova ifadə verib. O, təqsirləndirilənlərdən Azad Cavadovu tanıdığını və həyat yoldaşının uşaqlıq rəfisəqi olduğunu bildirib: "2011-ci ildə Azad yoldaşıma dedi ki, bankda sənədlərə qol çəkmək lazımdı. Nəyə yol çəkdiyimi "Bandotdel"ə çağırılanda bildim".
Prokuror bildirib ki, Kamilə Hüseynovanın adına 757 min 500 kredit götürülüb. Heç bir məbləğ də ödənilməyib. Həmin kreditin 666 min manat faiz borcu da var.
Sürücünün sözlərinə görə, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb, hara xərcləndiyini bilmir və kreditlərə görə pul ödəməyib. Həmçinin iclasda məlum olub ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat olub. Sürücü həmin kartlardan xəbəri olmadığını, indiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib.
Azad Cavadovun əmisi oğlu Tofiq Cavadov şahid qismində dindirilib. O da oxşar ifadə verərək bildirib ki, Azad Cavadovun xahişi ilə bankın Suraxanı filialında sənədlərə qol çəkib. Prokuror bildirib ki, həmin kredit 750 min manat olub. Həmin kredit üzrə 680 min əsas, 289 min faiz borcu qalır.
Daha sonra Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O deyib ki, 1997-ci ildən 2008-ci ilə qədər Cahangir Hacıyevin sürücüsü işləyib: "Mənə Mərkəz filialının rəhbəri Anar Sultanov zəng etdi ki, gedib sənədlərə qol çəkim. Cahangir Hacıyevdən soruşdum. Cahangir müəllim dedi ki, proyektlərlə bağlıdır, imzalayım. Mən də onun dediyini etdim".
Prokurorun suallarını cavablandıran şahidin sözlərinə görə, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb, hara xərcləndiyini bilmir və kreditlərə görə pul ödəməyib. Həmçinin iclasda məlum olub ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat olub. Şahid həmin kartlardan xəbəri olmadığını, indiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib.
Cahangir Hacıyev bildirib ki, kreditlər sürücüsünə onun göstərişi ilə verilib və layihələrə xərclənib.
Hazırda Beynəlxalq Bankda idarə heyəti sədrinin müşaviri olan Emil Mustafayev də ifadə verib. O, 1994-cü ildən bankda müxtəlif vəzifələrdə, o cümlədən İdarə Heyəti sədrinin birinci müavini işləyib. İttihamda yer alan 157 kredit və VİP kreditlərlə bağlı şahid bildirib ki, həmin kreditlər Cahangir Hacıyevin göstərişi ilə verilib. O bildirib ki, kreditlərin verilməsi qanunsuz olub və bununla bağlı Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib.
Emil Mustafayev əlavə edib ki, VİP kreditlər Cahangir Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib: "Bu cür kreditlər əslində İdarə Heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın Müşahidə Şurasının yekdil qərarı olmalıdır. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər iri həcmli kreditlər də təminatla verilməli olsa da, Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib".
Daha sonra vəkillərin suallarını cavablandıran şahid Cahangir Hacıyevin həbsindən sonra DİN-ə müraciət etməsini belə izah edib: "Rəhbərlik belə göstəriş verirdi. Cahangir Hacıyev göstərişlərə əməl etmədiyinə görə filial müdirlərindən biri Cəlil Daşdəmirov işdən çıxarmışdı".
Prosesdə "Suraxanı" filialının kredit şöbəsinin müdiri Fuad Bağırzadə ifadə verib. O bildirib ki, 2011-ci ildə iki nəfərə kredit verilib, sənədlər baş idarəyə göndərilib.
"İnter Security" şirkətinin əməkdaşı Əjdər Babayev ifadəsində deyib ki, şirkətin rəhbərindən sənədlərə qol çəkməklə bağlı tapşırıq alıb və yerinə yetirib. Onun adına hazırda 400 min manat borc var.
Bankın kreditlərə nəzarət departamentinin rəhbəri olmuş Akif Əliyev ifadəsində bildirib ki, fiziki şəxslərin adına külli miqdarda kreditlər ayrılıb və bununla bağlı ona göstərişləri Cahangir Hacıyev verib: "Biz rəhbərliyə kreditlərin bağlanmadığını dedikdə bildirdi ki, ödəniləcək".
Bankın "Nəqliyyat" filialının xəzinədarı Rəfiqə Cabbarova bildirib ki, kredit alan şəxslər şəxsən özləri gəlib sənədləri imzalayıblar, lakin onlara pul verilməyib. Filialın baş mühasibi Afət Yusifova isə bildirib ki, kreditlərlə bağlı sənədləşdirmə işləri aparılıb, sənədlər üzərində pulların alındığı göstərilsə də, pulların verilib-verilməməsindən xəbəri olmayıb.
2002-ci ildən bankın İdarə Heyətinin sədrinin köməkçisi olmuş Anar Bəkirov bildirib ki, iki Rusiya vətəndaşına qeyri-qanuni kredit verilməsi ilə bağlı Cahangir Hacıyevin göstərişinə əsasən filiala tapşırıq verib.
"Nəqliyyat" filialının kredit şöbəsinin müdiri Kamran Rəhimli bildirib ki, kreditlərin sənədləşməsi onlar tərəfindən aparılıb və vəsaitlər müştərinin cari hesabına köçürülüb. Pulların alınıb-alınmamasından, təyinatından xəbəri olmayıb.