Nəzir pulları hara xərclənir? Hadisə

Nəzir pulları hara xərclənir?

Məscidlərin, pirlərin, ziyarətgahların girişində quraşdırılan nəzir qutularına münasibət birmənalı deyil. Bəz insanlar nəzir qutularının yığışdırılmasını tövsiyə etsə də, bəziləri inanc mənbəyi kimi faydalanmağı üstün tutur.
Nəticədə isə nəzir qutularından əldə edilən vəsaitlərin sonrakı aqibəti müəmmalı qalır.
Nəzir qutularından əldə edilən gəlirlər hara xərclənir?!
Nəzir pulları məcburi köçkünlər və şəhid ailələri daxil olmaqla, lazımi və ehtiyacı olan ünvanlara çatdırılırmı?
"Məşədi Dadaş" məscidinin axundu, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli nəzir qutularından yığılan pulların xərcləndiyi ünvanlardan danışıb.
"Azərbaycanda dini icmalar ianələr vasitəsilə fəaliyyət göstərir. Könüllü ianələr maliyyə yardımları əsasında təşkil edilir. Eyni zamanda, nəzir qutularından toplanan vəsait icmanın zəruri xərclərinə yönəlir. Bir sıra icmalar həmin dini məqsədlər üçün vəsait də ayırırlar.
Konkret olaraq Xocalıdan olan bir neçə məcburi köçkün və şəhid ailələrinə yardım göstərilir. Mütəmadi olaraq bu yardımları həyata keçiririk. Həmçinin, dini icmalara daxil olan maliyyə vəsaitləri Qafqaz Müsəlmanları İdarəsi Nəzarət Təftiş Komissiyası tərəfindən araşdırılır. QMİ-yə bununla bağlı aylıq hesabatlar verilir.
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər ay əmək haqqı olaraq həm şəhid ailələrinə, həm də məcburi köçkün ailələrinə yardım edilir. Konkret olaraq QMİ tərəfindən nə qədər ödənildiyini bilmirəm. Mütəmadi olaraq bizim icma tərəfindən bəzən 100-200 manat arası yardım edilir. Bayramlarda, əlamətdar günlərdə yardım kampaniyaları təşkil edilir".
Yol kənarlarında yerləşən pirlərdəki nəzir qutularından yığılan pulara gəlincə, QMİ nümayəndəsi, buna da aydınlıq gətirib.
"Rəsmi dövlət qeydiyyatından keçmiş icmalar və QMİ tərəfindən təyin edilmiş din xadimləri vasitəsilə, fəaliyyət göstərən icmalarda bu tənzimlənir. Toplanan vəsaitlər haqqında hesabat verilir. Eyni zamanda həmin vəsaitin müəyyən hissəsi dini icmanın xərclərinə yönəlir.
Çünki dini icma özü də hər hansı bir qurum tərəfindən maliyyələşmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bəzi layihələrlə bağlı maliyyə yardımları edilir.
Amma mütəmadi olaraq cari xərclərini bu vəsait hesabına ödəyir. Kommunal xərclər bəzi icmalarda fəaliyyət göstərən insanların zəhmət haqqını bu vasitə ilə ödəyirlər. Bu barədə Nəzarət Təftiş Komissiyası tərəfindən yoxlanmalar aparılır və hesabat verilir".