Ermənilərin ekoloji terroru Hadisə

Ermənilərin ekoloji terroru

İşğal olunan 1,7 milyon hektar ərazimiz təbii ehtiyatlarına görə bütövlükdə Ermənistan ərazisindən zəngindir


Ermənistanla Azərbaycanın arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar uzandıqca, münaqişənin dondurulması davam etdikcə, ermənilər daha çox qiymətli ağac növlərini kəsəcək və yandıracaq, Azərbaycanın çaylarını daha çox çirkləndirərək, topraqlarını yandıracaq, onları ölü zonaya çevirəcəklər. Dağlıq Qarabağda ekoloji durum kritikdir və hətta erməni separatçıları tərəfindən tutulmuş ərazilərdə ekoloji vəziyyət barədə birbaşa məlumat olmasa da, bununla bağlı çıxarılan nəticələr belə deməyə əsas verir.

Rəsmi məlumata görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. Bu ərazilər təbii ehtiyatlarına görə bütövlükdə Ermənistan ərazisindən zəngindir.
Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı münaqişələr zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə, həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərin təbiətini viranə qoyurlar.
İşğal olunmuş ərazilərin hazırki ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə verilir. Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri insan nəzarətindən kənardadır , əkilib-becərilmir və ona görə də böyuk ekoloji fəlakətə səbəb olur.

Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və oradan da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir. Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar, Ermənistan AES və s. Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də istifadə olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktiv tullantılarını Azərbaycanın işğal olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlar mövcüddur.

İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, basdırılmış minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurub. Baxımsız qalan həmin ərazilərdə təbiətin qorunması haqqında heç kim fikirləşmir: dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır, nadir bitki və heyvanların kökü kəsilir. İşğal olunmuş ərazidən başlayan suvarma kanallarının qarşısının kəsilməsi Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır zərbə vurur. Deyilənlərdən aydın olur ki, işğaldan insanlarla yanaşı Azərbaycan təbiəti də böyük zərər çəkir.

Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir.

Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.
Tarixi faktlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də müstəqil jurnalistlərin, ictimai qurumların araşdırmalarına görə, Kəlbəcər rayonunda "Qırmızı kitab"a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.
Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan "Xan Mağarası" mühafizə olunurdu. Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr amansızlıqla məhv edilir və digər məqsədlər üçün istifadə olunur.
Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır.
Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

İşğaldan qabaq 79000 hektar əkin sahəsi Sərsəng su anbarı vasitəsi ilə suvarılırdı.

Lakin uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə yayda illik su normasının 10-15% - i buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Bu gün 7 rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir.

İşğaldakı yurdumuz yandırılır!

Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə mütəmadi olaraq od vurularaq yandırılır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurub.
Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşüb. Yanğınlar zamanı ətraf mühitə təxminən 300 milyon manat məbləğində ziyan dəyib.

Eyni zamanda, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz evindən – obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara əsasən 31,72 milyard manat məbləğində ziyan dəyib.
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılıb.

Nəzarətsiz ekologiya

BMT Baş Assambleyası tərəfindən 5 noyabr 2001-ci il tarixdə qəbul edilmiş 56/4 saylı bəyannamədə BMT Nizamnaməsinin 4-cü fəslinin bəndinə istinadən bildirilir ki, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində güc təhdidlərindən və istənilən dövlətin ərazi toxunulmazlığına və uyğun olaraq onun təbii ehtiyatlarına qarşı güc tətbiqindən uzaq durmalıdırlar. Bu gün Dağlıq Qarabağda ekoloji tarazlıq baxımından vəziyyəti ən pis kimi dəyərləndirmək olar. "Qanunsuz qurum olan "DQR" beynəlxalq qurumların qarşısında işğal olunmuş ərazilərdə ekoloji mühitin qorunması üzrə heç bir məsuliyyət daşımır, bölgənin ekoloji vəziyyəti isə getdikcə pisləşir", - deyə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Region plus"un sualına cavab verərkən bildiriblər. Müvafiq qurumlarda əmindirlər ki, işğaldan azad ediləndən sonra, bölgənin ekoloji mühitinin yaxşılaşdırılması üçün təcavüzkarlar Azərbaycanın ətraf mühitinə uzun illər vurulmuş zərərin əvəzini ödəməlidirlər.

Azərbaycan hökuməti dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağdakı və digər işğal olunmuş ərazilərdəki dəhşətli ekoloji duruma yönəldib. Bunun nəticəsi BMT BAŞ Assambleyasının 60-cı sessiyası tərəfindən 7 sentyabr 2006-cı il tarixdə Ermənistan - Azərbaycan münaqişəsi başlayandan sayca altıncı (№60/285) qətnamə qəbul edilib. Baş Assambleya "Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət" adlı qərarında durumdan ciddi narahat olduğunu qeyd edərək, yanğınların söndürülməsi və onların dağıdıcı nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz ekoloji əməliyyatların aparılmasını vacib sayıb. Yanğınla mübarizə məqsədilə tədbirlər barədə qərarlar da qəbul edilib.
Yanğınlarla bağlı məsələ Azərbaycan nümayəndə heyəti tərəfindən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyalarında da qaldırılıb. Bilərəkdən törədilən yanğınların və onların yaratdığı təhlükəli ekoloji durumun qısamüddətli və uzunmüddətli təsirlərinin qiymətləndirilməsi üçün AŞ PA çərçivəsində qiymətləndirmə missiyası və beynəlxalq ekspertlərdən ibarət komissiya da yaradılıb. Təəssüf ki, erməni tərəfi missiyanın başa çatmasından sonra birgə tədbirlər barədə verilmiş qərarları yerinə yetirməyib.

Qərbin təəssübkeşliyi
Təbii ki, Qərb ölkələrinin timsalında xristian dünyası ekoloji fəlakətin nə olduğunu gözəl bilir və yeri gəldikcə bunu kəskin tənqid atəşinə tuturlar. Yeri gələndə, Ermənistanın əməlləri də istisna olunmur. Xüsusilə, fiziki və mənəvi cəhətdən aşınmış Metsamor Atom Elektrik stansiyasının bərbad vəziyyəti region ölkələrinin başı üzərindən asılmış domokl qılıncı təsiri bağışlayır. Hətta neçə illər öncə Avropa İttifaqı stansiyanın bağlanması üçün Ermənistan hökumətinə 1 milyard avro vəsait ödəməyə hazır olduğunu bildirib. Lakin ermənilər bu təklifi rədd ediblər. Bəlkə də bu avropalılarla ermənilərin əvvəlcədən danışılmış iş birliyinin tərkib hissəsi olub. Hər halda təklif verilib və qarşı tərəf rədd edib. Vəssalam. Bununla da məsələ bağlanıb və bu gün də davam edən erməni terroruna qarşı beynəlxalq ictimaiyyət seyrçi mövqe sərgiləməsi açıq-aydın sübut edir ki, beynəlxalq hüquq və normalardan bəhs edən qərbli rəhbərlər əslində, dini və siyasi təəssübkeşlik göstərərək münasibətlərdə ayrı-seçkilik yolunu tutublar. Belə olmasaydı, türkiyəli və azərbaycanlı, hətta bir sıra rus mütəxəssislərinin Metsamor barədə fikirlərini nəzərə alardılar.
Lakin təəssübkeşlik yalnız dini və milli sevgidən qaynaqlanmır. Bu məsələdə siyasi məqsədlər də əhəmiyyətli mövqeyə malikdir. Sanki bir sıra ölkələrin rəhbərləri partlayış həddində olan bu stansiyadan məhz Türkiyə və Azərbaycan əleyhinə psixoloji silah qismində istifadə edir. Üstəlik, cinayətkarlar aləmi də regionda psixoloji gərginliyin qalmasında maraqlıdırlar. Rəzalət nə qədər güclü olarsa, baş qarışar və cinayət üçün əlverişli mühit davam edər.
Hesab edirik ki, Dağlıq Qarabağ problemi həll olmayınca bu rəzalət davam edəcək. Yalnız regionda sabitliyin və haqq-ədalətli sülhün yaranması bütün digər həlli vacib məsələlərin çözülməsinə müvafiq şərait yaradacaq.
Cavid Şahverdiyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir