İtkin neftçilər hələ də axtarılır Hadisə

İtkin neftçilər hələ  də axtarılır

Xəzərdə itkin düşən neftçilərin axtarışı davam etdirilir.
Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, Müdafiə Nazirliyi, FHN, Dövlət Sərhəd Xidməti, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları, FHN-in Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700-dən artıq canlı qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları cəlb edilməklə, uzunluğu 145 km, eni isə 120 km olan geniş ərazidə fasiləsiz olaraq axtarış-xilasetmə əməliyyatları davam etdirilməkdədir.
İlk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV" sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov" "Təbriz Xəlilbəyli" axtarış-xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirir.
Axtarış-xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Rəsmi məlumata görə, onlardan yalnız İlham Qafarovun meyiti tapılıb.
Qalan 9 nəfər isə itkin düşüb, onların axtarışları davam edir.