Daha 4 saytın adı «qara siyahı»ya salınır Hadisə

Daha 4 saytın adı «qara siyahı»ya salınır

Dünən Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öncə müzakirəsi tövsiyə olunan məsələlər barədə ətraflı məlumat verib. Belə məsəllərin sayının 21 olduğunu deyən V.Rəhimzadə, bunların dördünün MŞ-nin Şikayətlər üzrə Komissiyası, digərlərinin Şura Katibliyi tərəfindən təqdim olunduğunu bildirib. Gündəlik səsə qoyulub və yekdikliklə təsdiqlənib. Sonra müzakirələr başlanıb.
Vüqar Rəhimzadə deyib ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasının dünən düzənlənən iclasında 4 sayt barədə Şuranın İdarə Heyətinin daha dolğun qərar qəbul etməsi üçün bu kütləvi informasiya vasitələri ilə əlaqədar "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının da təqdimatlar hazırlaması məntiqi sayılıb. Komissiya üzvləri həmin rəyləri müzakirə edərək belə qənaətə gəliblər ki,"ayantv.com" Beyləqan rayonunun Təzəkənd kənd sakini Gülnar Yusifova haqqında şər və böhtan xarakterli yazını yayımlayarkən bütün etik sərhədləri tapdalayıb, qərəzli mövqe nümayiş etdirib, sifariş icraçısı olduğuna diqqəti çəkib. Məlumat güşəsində Anar Ayvazlının baş redaktor olduğu göstərilsə də, söhbət zamanı o bundan xəbərsiz olduğunu bildirib.
Komissiya üzvləri qənaətə gəliblər ki, bu cür əxlaqa sığmayan yazılar adətən "reket jurnalistika"ya xas maraqlardan qaynaqlanır. "Ayantv.com"un və ona bu məsələdə dəstək verən, şikayət doğuran yazını müxtəlif vaxtlarda istinadlı və istinadsız təqdim edən "brifinq.az" saytının adlarının bu baxımdan Mətbuat Şurasının "qara siyahı"sına salınması üçün ciddi əsaslar mövcuddur.
İclasda göstərilib ki, "liderpress.az" və "vetenperverler.az" saytlarının fəaliyyətində sivil jurnalistika ilə bir araya sığmayan məqamlar üstünlük təşkil edir. Buna görə də həmin onlayn media vasitələrinin də barəsində MŞ İdarə Heyətinə müvafiq təqdimatların verilməsi məntiqidir.
Komissiya Şura Katibliyinin təqdim etdiyi şikayət məktublarını araşdıraraq qənaətə gəlib ki, bunların bir qismində hüquqi müstəvidə araşdırılmalı olan məqamlar mövcuddur. Bu baxımdan şikayətçilərə inzibati orqanlara müraciət etmələri də tövsiyə olunub.