Heç bir şirkət dərman idxalını dayandırmayıb Hadisə

Heç bir şirkət dərman idxalını dayandırmayıb

Baş nazirin müavini dərman çatışmazlığına münasibət bildirib
"Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır. Bununla bağlı operativ şəkildə reaksiya verilir". Bunu İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, dərman Azərbaycana əsasən idxal olunur: "Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanmasını istəyirik. O vaxta qədər idxalla hesablaşmalı olacağıq. Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahidə olunur. Amma kritik vəziyyət yoxdur, operativ şəkildə buna reaksiya verilir. Dərman bazarının lazımi dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır".
Baş nazirin müavini qeyd edib ki, dərman idxal edən şirkətlərin normal fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görülür: "Güman edirəm ki, hər hansı aptek təşkilatında bu və ya digər dərman vasitəsinin tapılması ilə bağlı çətinlik varsa, bu, bütövlükdə həmin dərman vasitələrinin Azərbaycanda olmaması qənaətinə gəlməyə əsas vermir. Digər apteklərdə həmin dərmanlar var. Ancaq bu gündən siqnal əsasında bir daha hansı dərman çatışmırsa, həmin məsələ ilə məşğul olmağa başlayacağıq".
Səhiyyə Nazirliyi son günlər dərman idxalçılarının Azərbaycana dərman idxalını dayandırmaları nəticəsində ölkədə dərman qıtlığı yaranması ilə bağlı məlumatlara münasibət bildirib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərman vasitələri idxalçıları və xarici istehsalçı müəssisələrin nümayəndəlikləri rəsmi olaraq Azərbaycana dərman idxalını dayandırmaları barədə AEM-ə müraciət etməyiblər.