Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib Hadisə

Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan verilən məlumata görə, bütün üzvlərin iştirak etdiyi toplantıda təşkilati məsələlərə baxılıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov isə Şuranın katibi seçilib.
İclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Müşahidə Şurasının üzvlərini yeni təyinat münasibəti ilə təbrik edib. Əli Həsənov gənc nəslin fəal vətəndaş kimi formalaşması, fiziki və intellektual inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Fondun üzərinə düşən vəzifələrlə bağlı tövsiyələrini verib.
Sonra 10-cu qrant müsabiqəsinin elan olunması ilə bağlı məsələyə baxılıb. 2012-2016-cı illərdə Fond tərəfindən keçirilmiş 9 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 3341 layihəsinin dəstəkləndiyi, onların həyata keçirilməsi üçün 19 milyon manatadək vəsaitin ayrıldığı bildirilib. Yeni elan ediləcək müsabiqə çərçivəsində "A" kateqoriyası (yerli layihələr) üzrə 13, "B" kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, "C" kateqoriyası (fərdlərin layihələri) üzrə 14 istiqamətin təklif edildiyi, layihələrin təqdim olunması üçün 21 gün müddətin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Müsabiqənin istiqamətləri sırasına yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin tanıdılması yönündə tədbirlər, gənclər arasında ixtisas seçimi və əmək bazarı haqqında məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə xidmətlərin göstərilməsi, intellektual inkişafa xidmət edən televiziya proqramlarının hazırlanması, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi, sosial xidmət sahələrində könüllü fəaliyyətin təşviqi, islam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, Azərbaycanın təbliği və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. mövzular salınıb. Layihə təkliflərinin 2017-ci il aprelin 24-dən mayın 15-dək qəbul edilməsi qərara alınıb.
Müşahidə Şurasının iclasında Fondun icraçı direktoru Fərhad Hacıyev və Aparat rəhbəri Faiq Qürbətov iştirak ediblər.