“Azərbaycan bu mesajı dünyaya yüksək səviyyədə çatdıracaq” Hadisə

“Azərbaycan bu mesajı dünyaya yüksək səviyyədə çatdıracaq”

Abbes Benmoussat: "Azərbaycanda dinlərin qardaşlıq prinsipi ilə yaşamaları təbii ki, gözəl nümunədir"

Rauf Əliyev: "Bütün dünya gördü ki, Azərbaycanda bütün dinlərin nümayyəndələri bir ailə kimi yaşayır"

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlaırna ciddi hazırlaşır. Bir sıra ekspertlər İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyətinin olduğunu vurğulayırlar. Bu oyunların ölkəmizdə baş tutmasının siyasi əhəmiyyətini vurğulayan ekspertlərin fikrincə, Azərbaycanın nüfuzunun daha da artması ilə yanaşı eyni zamanda dividentlər də əldə edəcəyi gözlənilir.
Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Abbes Benmoussat da bu fikirdədir. O deyib ki, Avropa Oyunları zamanı Azərbaycanın sözünə layiq bir yarış təşkil etdiyinin şahidi olduq: "Azərbaycan hökumətinin və xalqının İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil edəcəyinə də əminik. Azərbaycan xalqı qonaqları yüksək səviyyədə qarşılayacaq. İlk Avropa Oyunları zamanı biz bunun şahidi olduq. İslam Oyunlarının İştirakçı ölkələrinin nümayəndələri özləri ilə xoş xatirələr aparacaqlar".
Onun sözlərinə görə, geosiyasi baxımından Azərbaycan Şimali Avropa və Orta Şərqin arasında yerləşir və bu mesajı dünyaya yüksək səviyyədə çatdıracaq: "Çünki, Azərbaycanda çoxdinlilik mövcuddur. Eyni zamanda, dinlərin sülh şəraitində və qardaşlıq prinsipi ilə yaşamaları təbii ki, gözəl nümunədir. Azərbaycana təyin edildiyimdən bəri, hər zaman fəaliyyətimi ikitərəfli əlaqələrin daha da genişlənməsi istiqamətində qurmuşam. Xüsusilə, Əlcəzairin idman komandalarının bura gətirilməsinə və əməkdaşlıq, dostluq oyunlarının təşkil edilməsinə hər zaman çalışmışam. İdmançıların Azərbaycana gəlişi, gənclər arasında əlaqələrin möhkəmlənməsi üçün bir fürsətdir. Təbii ki, bu addım, hökumətlərimiz və xalqlar arasında olan xoş münasibətlərə böyük bir təkandır. İki ölkəni siyasətdən öncə yaxınlaşdıran amil idmandır. Hazırda İslam Həmrəylik oyunlarında 23 idman növü var, Əlcəzair 16-da iştirak edəcək. Əsas nəzərdə tutduğumuz cüdo,boks, güləş kimi növlərdir ki, Azərbaycanda da bu sahələr güclüdür. Əlcəzair üçüncü İslam Həmrəylik Oyunlarını 4-cü yerdə başa vurub. Biz çalışacayıq ki, bu dəfə ikinci, yaxud da birinci yeri tuta bilək".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev isə diqqətə çatdırıb ki, bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir: "Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır".
Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışın keçrilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir: "Bu oyunlar eyni zamanda Azərbaycanın idman şöhrətini daha da artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədrlik etməsi indidən deməyə əsas verir ki, bu beynəlxalq tədbir çox yüksək səviyyədə təşkil olunacaq. İlk Avropa Oyunları imkan verdi ki, Azərbaycan öz potensialını nümayiş etdirsin. Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayyəndələri rahat bir ailə kimi yaşayır və Azərbaycan bütün qonaqları qəbul etməyə hazırdır. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçrilməsi çox mühüm hadisə kimi yadda qalacaq. Azərbaycan İslam aləminin bir parçasıdır. Azərbaycan bu böyük ailənin üzvü kimi səy göstərəcəkdir ki, oyunlar ən yüksək səviyyədə təşkil olunsun.
Azərbaycanı istəməyən qüvvələrə, islamofob qüvvələrə Azərbaycan reallıqları ən tutarlı cavabdır. Oyun iştirakçıları, qonaqlar, turistlər hər kəs bu reallıqları öz gözləri ilə görəcəklər. Çox təəssüflər olsun ki,İslam aləmini əhatə edən cografyada artıq uzun illərdir ki, qanlı münaqişələr, müharibələr davam edir. Milyonlarla insanlar öz doğma yurd-yuvalarını tərk edərək qonşu ölkələrə , əksəriyyəti isə Avropa ölkələrinə üz tutmuşlar. Aydındır ki, bu münaqşələr, müharibələr müxtəlif beynəlxalq güclərin öz məqsədlərinə çatmaq üçün apardıqları siyasətin nəticəsində baş verir.Eyni zamanda qeyd etmək lazımdır ki, İslam dünyasına aid olan bir sıra dövlətlər arasındakı münasibətlər istənilən səviyyədə deyildir. Ona görə də bu ölkələr arasında konfiliktlərin, mübahisəli məsələlərin həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin yaranmasında İslam Oyunlarının əhəmiyyəti böyükdür. Bu nöqteyi nəzərdən IV İslam Oyunlarının Azərbaycanda keçrilməsi həm Azərbaycan üçün ,iştirakçı dövlətlər üçün , İslam dünyası üçün ,ümumiyyətlə bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda bütün dünya görəcək ki, Azərbaycan böyük imkanlara malik bir ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".