Türkmənçay – 1828: tarixi xronika Hadisə

Türkmənçay – 1828: tarixi xronika

7-ci yazı

1827-ci il aprelin 20-də Xudafərin körpüsü tutuldu. Əsas qüvvələr Üçkilsəyə gələrək aprelin 23-də İrəvana doğru irəlilədi, 24-də ora çataraq şəhəri mühasirəyə aldı. İki aylıq müvəffəqiyyətsiz mühasirədən sonra rus qoşunları Naxçıvana getdi. İyunun 26-da Naxçıvan qalası tutuldu. Rus qoşunları böyük strateji əhəmiyyəti olan Abbasabad qalasına yaxınlaşdı. İyulun 4-də Abbas Mirzə Cavanbulaq döyüşündə məğlub oldu. Abbasabadın taleyi mürəkkəbləşdi.
Mirzə Adıgözəl bəy: "O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Mənim orada olduğumu bilib yanıma bir qasid göndərdi. O mənə xəbər verdi: "Knyaza bildirin ki, bu tərəfə hərəkət etsin, buraya gələn kimi qalanı ona təslim edərəm".
Ehsan xan Kəngərli – Kəlbəli xanın oğlu. Sonuncu Naxçıvan xanı olub. Abbas-Abad qalasının təslim edilməsində xidmətə görə Naxçıvana hakim təyin edilmişdi. Rus ordusunun general-mayoru rütbəsi verilmişdi. Naibliyi dövründə quruculuq və abadlıq işləri ilə məşğul olmuşdu. 1840-ci ildən Naxçıvan süvari dəstəsinin başçısı olmuş, Krım müharibəsində iştirak etmişdi. "Müqəddəs Georgi" ordeni almışdı.
"Bunlar da (məsələni) ətraflı surətdə müzakirə etdilər. Sərdarın izni olmadığından cəsarət etməyib keyfiyyəti sərdarın hüzuruna ərz etdilər. Sərdar bu xəbəri eşidən kimi İrəvandan əl çəkib Abbasabad tərəfə hərəkət etdi.
… Sərdarın əmrinə görə, əvvəl süvari qazaqlar (kazaklar), sonra da soldatlar Arazdan keçdilər. Düşmənlə müharibə etdilər, Abbas Mirzə basıldı. [Mirzə Adıgözəl. Qarabağnamə, s. 85-86].
İyulun 7-də Abbasabad təslim oldu. Rusiya Türkiyə ilə müharibə təhlükəsi artdığına görə danışıqların davam etdirilməsində fəaliyyətini canlandırdı.


***


1827-ci il 24 aprel. Peterburq. Nesselrode – Dibiçə (Sülh bağlanması şərtləri haqqında): -Rusiya imperatoru müharibənin tezliklə kəsilməsində təkid edir, belə ki, Rusiyanın əldə etdiyi xeyir müharibənin davam etdirilməsilə bağlı olan xərcləri ödəmir... Əgər Rusiya pula görə müharibəni davam etdirəcəksə, onda Rusiyanın müharibəyə xərclədiyi məbləğ təklif olunan təzminatdan çox olacaq, davam etdikcə daha az nail olacaq... Müharibənin davam etdirilməsi Rusiya ilə rəqabət aparan dövlətin kinini o saat qızışdıracaq və onlar tərəfindən az və ya çox dərəcədə birbaşa müqavimətə bəhanə verəcək..."
1827-ci il 24 may. Calaloğlu. Paskeviç – Nesselrodeyə: - …İran sarayı ilə sülh haqqında danışıqların açılacağı zaman gələcək neqosiator (lat. dilində neqotians – tacir, saziş sözündədir) təyin olunmuş cənab həqiqi stats müşavir Obreskovun bura gəldiyini bildirirəm.
Obrezkov (Obreskov) Aleksandır Mixailoviç (1790-1885) – diplomatik idi. "Gülüstan" müqaviləsi bağlanarkən Rtişşevin yol verdiyi səhvlərin növbəti dəfə təkrar olunmaması üçün Peterburqdan xüsusi olaraq göndərilmişdi. Lakin "Türkmənçay" müqaviləsinin bağlanması üçün danışıqların aparılmasında əsas rol Qriboyedova verilir.
"Bu məmurun Xarici İşlər Nazirliyində qazandığı reputasiyası, onun haqqında cənab aliniz tərifli rəyi bizim ilk tanışlığımızda ona tam etimad təlqin etdi. Mən şübhə etmirəm ki, o, işləri özü üçün və dövləti üçün faydalı olan şərəflə başa çatdıracaq. C.Obreskov vasitəsilə Əlahəzrət imperatorun gələcəkdə imzalanacaq sülh haqqında reskriptini almaq səadətinə malik oldum. O isə mənə əlavə izahla İranla sülh və ticarət müqavilələrinin layihələrini verdi. İranla müvəkkillərilə bizim gələcək razılaşmalarımızda onlar rəhbərlik üçün qəbul edilməklə, mən cənab alinizə məlumat vermək istəyirəm ki, onları ən dəqiq mənada qətiyyətlə icra etmək arzuma baxmayaraq həmişə görmək mümkün olmayan şərait və yerli təsərrüfat mənə verilən təlimata qarşı bəzi ləğv etmə tələb edir".
1827-ci il 20-25-ci iyul. Qaraziədin kəndi. A.S.Qriboyedovun Paskeviçə məlumatından: - Mən zati alinizin əmri ilə iyul ayının 20-də Abbasabad qalasından İran düşərgəsinə yola düşdüm, həmin gün axşam düşməmiş ora çatdım; 7 saatlıq iti gedişlə, Arazdan 49 verstlik məsafədə olan Qaraziədin kəndində Abbas Mirzənin məni yanına çağırmasını gözləməli idim. Seyrək səpələnmiş alaçıqlar çoxsaylı qoşunun olduğunu göstərmirdi. Gecə Mirzə İsmayıl bu vaxtlar dağlarda sərinləyən və ancaq sonrakı gün Qaraziədinə və ya Çor vadisinə (12 kənddən ibarət bütöv dairə belə adlanır) enmək niyyətində olan Şahzadədən salamla yanıma gəldi. Mənim alaçığıma, şübhəsiz, nəzarət üçün fəxri qarovul qoyulurdu; lakin hətta israfçılığa varmaqla bütün nəzakət şərtlərinə riayət olundu. 21-də (iyul), səhər Xoy tərəfdən, dağın cənub ətəkləri silahlı süvari və sərbazlarla doldu və tezliklə böyük məsafədə düşərgə salındı. Günortadan bir saat keçmiş Abbas Mirzənin naib eşikağası mənim dalımca gəldi, mən camaat kütləsilə ora yollandım; Mirzə İsmayıl və Mirzə Saleh də mənimlə idi. Mən ilkin mərasim olmadan, o saat audensiyaya buraxıldım. Abbas Mirzə geniş alaçıqda tək idi; mənimlə onun yaxınlarından bir neçə nəfər də daxil olmuşdu.
İlk salam-kəlam və sizin səhhətiniz haqqında suallardan sonra, o mənim özümə əvvəllər Təbrizdə olduğumu və başqa şeyləri xatırlatdı. Sonra onun fikrincə, indiki müharibənin əsas günahkarları olan general Yermolov, Mazareviç, Sevarimidzevdən uzun-uzadı və acı-acı şikayətləndi. Mən ona cavab verdim ki, sərhədlər haqqında mübahisələrə görə narazılıq qarşılıqlı idi, lakin Şahzadə özü bizim vilayətlərə girməsəydi, heç zaman hərbi əməliyyatlara gətirib çıxarmazdı. "Mənim və şahın elçilərini hökmdarın yanına buraxmırdılar, məktubları Peterburqa aparmırdılar, hətta açılmadan mənə geriyə göndərilmiş neçəsini knyaz Menşikova göstərdim, mənim sizin hökmdar qarşısında bəraətim üçün indi elə həmin şəkildə neçəsi məndə qalır".
Mən ona Əbülhəsən xanın iki dəfə Rusiyaya getməsini, Peterburqda olmuş Məmməd Həsən xan Əfşarı, Mirzə Salehi xatırlatdım ki, ədalətə əsaslanan hər hansı şikayəti onlar üçün göndərmişdi ki, o zaman yaranan narazılığı tez və həmişəlik aradan qaldırsın, buna baxmayaraq, kim bütün ili xəstə yatırsa, onun xəstəliyinin ilk səbəbini axtarmır, hazırkı müharibə kimi onu sağaltmağa cəhd edirdilər.Danışıqlar bu məcrada saatdan çox davam etdi. Mən müharibədən qabaq olanları aydınlaşdırmaq barədə tapşırıq almadığımı, bunun mənim işim olmadığını deməyə məcbur oldum...
"Siz hamınız belə deyirsiniz: mənim işim deyil, məgər bu dünyada hakim yoxdur!" "Ali-həzrət, Siz özünüz işlərinizdə özünüzü hakim etmiş və onu silahla həll etməyə üstünlük vermisiniz. Sizin ağıl-kamalınızı, şücaətinizi, gücünüzü almadan yalnız birini qeyd etmək istəyirəm: Kim müharibəni birinci başlayır, heç zaman onun necə qurtaracağını deyə bilməz". "Doğrudur", - o dedi.
Mən davam etdim: "İran qoşunları keçən il bizim Qafqazın bu tərəf torpaqlarımıza qəflətən və olduqca uzaq nüfuz etdi. Biz hazırda İrəvan və Naxçıvan əyalətlərini keçərək Arazda olduq, Abbasabadı tutduq, mən oradan göndərilmişəm..."
- Tutduq! Aldıq! Abbasabadı Sizə qorxaq arvad, arvaddan da betər kürəkənim təslim etdi.
- Hər hansı qalaya qarşı bizim etdiklərimizi edin, o Ali-həzrətə tabe olar.
- Xeyr. Siz divarlar yanında ölərsiniz, heç bir canlı salamat qalmaz; mənimkilər bunu edə bilməzdilər, yoxsa siz heç vaxt Abbasabadı tuta bilməzdiniz.
- Hər necə olursa-olsun, işlərin indiki vəziyyətindən general sizdən sülh haqqında üç dəfə təklif alıb və sizin məlumatlarınızdan heç biri o şərtlərə uyğun olmadığından bizim tərəfimizdən hər hansı danışığa başlamayacaqlar. Hökmdarın idarəsi belədir. Bu hesabdan daha anlaşılmazlıq olmaması üçün mən buraya göndərilmişəm. Bundan başqa Ali-həzrətə bildirmək istəyirəm ki, Sizin elçiləriniz bizimkilərlə uyğun gəlməyən digər növ təkliflərlə və ya müharibənin baiskarının kim olmasının müzakirəsi üçün gəlsələr, onlar nəinki qənaətləndirici cavab almayacaq, hətta baş komandan onları dinləmək hüququnu belə etiraf etməyəcək. Ali-həzrətin dinləməyə hazır olduğu şərtlərə gəldikdə, mən indi onları izah etmək şərəfindəyəm, mənim tapşırığım da məhz bundan ibarətdir.
- Dinləyirik, - dedi, - lakin məgər mütləq boğazından yapışaraq şərh etmək lazımdır, əvvəllər nə olması barədə mühakimə yürütmək olmaz?
Burada o, yenidən Rusiya imperatorunun çox iltifatı sayəsində bizimlə sülh şəraitində yaşamaq naminə əvvəlki cəhdlərinin uğursuzluğundan söz açmağa başladı. Sərhəd rəislərini, öz sərdarı və onun qardaşı da əsirgəmədən onları qızğınlıqla günahlandırmaq, sonra imperatora tükənməz sədaqətini inandırmaq – bütün bunlar sürətlə bir-birini əvəz etdi. Mən bəzi sözlərdən sezdim ki, hökmdar imperatorun şəxsi xarakteri, hərəkətlərində mətinlik və daimilik nişanəsi kimi ona güclü təsir göstərir... Mən bundan Şahzadənin diqqətini İranda knyaz Menşikova qarşı keçənilki hərəkətlərin nəzakətsizliyinə cəlb etmək üçün istifadə etdim.
"Bizim hökmdarın qüdrəti haqqında belə ifadələrlə birgə bütün dövlətlər tərəfindən etiraf olunmuş ən müqəddəs hüquqları tapdalamaqla Siz əlhəzrətin elçisinin simasında onu təhqir etməyə necə cürət etmisiniz? İndi bizim vilayətlərə hücumunuzla bizə dəyən zərərdən başqa, sərhədlərin pozulmasından başqa, imperatorun özünün şəxsiyyəti təhqir edilib, bizdə hökmdarın şərəfi xalqın şərəfidir!"
...O, hamını çaxartdıqdan sonra, o, mən və mənim tərcüməçim qaldı; lakin pərdənin arxasında adam göründü, mən yenidən Allahyar xanı tanıdım. Nəhayət, Abbas Mirzə şərtlərin artıq Mirzə Salehdən ona bəlli olduğunu deyərək onları dinləməyə hazır olduğunu bildirdi.
Mənim tərcüməçim bizim hökumətin nə istədiyini genişliyilə ona izah etdi. Hər şey bizim tərəfimizdən izah edildiyi vaxt o, az qala yerindən sıçradı.
- Budur sizin şərtləriniz. Siz öz təbəəniz kimi İran şahına göstərikş verirsiniz! Iki əyalətin güzəşt edilməsi. Pul ilə bac! Siz nə vaxt eşitmisiniz ki, İran şahı digər hökmdarın təbəəsi olsun? O özü tac paylayıb. İran hələ ölməyib.
- İranın xoşbəxt bə şərəfli günləri olub, lakin mən cəsarət edib, ali-həzrətə əfqanların məğlub edildiyi şah Hüseyn Səfəvini xatırlatmaq istəyirəm ki, taxt-tacdan məhrum oldu. Rusların əfqanlardan nə qədər güclü olduğunu mühakimə etməyi sizin ziyalı zəkanıza həvalə edirəm.
- Kim buna görə şah Hüseyni tərifləyir? O, rəzillik etdi, məgər biz də ondan nümunə götürməliyik?
(ardı var)

Kərim Şükürov
professor