“Qarabağda müharibə qaçılmazdır” Hadisə

“Qarabağda müharibə qaçılmazdır”

Dünən Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib. Şəhidlər Xiyabanına toplaşan keçmiş döyüşçülər Albertin qəhrəmanlığından söz açıblar.
Milli Məclisinin yəhudi deputatı Yevda Abramov bildirib ki, Albert Aqarunov qəhrəmanlığı və döyüşü ilə gənclərə nümunədir.
Deputat qeyd edib ki, Albert vətənin dar günündə professional tankçı kimi könüllü olaraq döyüşlərə qatılıb və şəhid olduğu gün düşmənin 6 tankını məhv edib.
Milli Məclisinin yəhudi deputatı daha sonra Qarabağ münaqişəsinin indiyədək həll edilməməsindən danışıb: "Bir çox böyük kürsülərdə çıxışım zamanı demişəm ki, böyük dövlətlər Azərbaycanın ətrafında gedən bu siyasi oyunlardan öz xeyirlərinə görə istifadə edirlər. Dünyanın ən böyük təşkilatı olan BMT 4 qətnamə qəbul edib. Bu qətnamələrin heç biri yerinə yetirilmir. ABŞ, Avropanın böyük dövlətləri və Rusiya Ermənistanı 1 saata susdura bilər. Amma 1 milyondan çox qaçqın və məcburi köçkünün həyatına reaksiya vermirlər. Onlar dünya tarixində dəyəri olmayan Ermənistanın müdafiəsinə qalxırlar. Buna ancaq xristian təəssübkeşliyi adı vermək olar. Dünya bu aciz erməniyə öz sözünü deyə bilmir. Artıq dünyada beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq böyük dövlətlər üçün adi bir bir oyuna çevrilib".
Yevda Abramov vurğulayıb ki, Azərbaycan Qarabağda müharibəni dinc yolla bitirmək istəyir: "Cənab prezident daim çıxışlarında bildirib ki, məsələnin sülh yolu ilə həll edilməsinə çalışırıq. Amma məsələnin dinc yolla həlli alınmasa, Qarabağda müharibə qaçılmazdır. Ona görə də Azərbaycan açıq şəkildə bəyan edir ki, silahlanmaya milyardlarla pul xərclənir. Pakistan, İsrail və Rusiyadan ən müasir silahları alırıq. Bu, onun üçündür ki, müharibə variantı unudulmur. Vaxt gələcək biz Qarabağda möhtəşəm qələbəmizi qeyd edəcəyik. Albert Aqarunovun məzarı üzərində olan üçrəngli bayrağımız Şuşada və digər işğaldan azad edəcəyimiz rayonlarda dalğalanacaq. Biz bütün bəlalardan çıxmışıq, bu bəladan da xilas olacağıq".
Qeyd edək ki, Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Albert Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.