13:18
798
Yəmənin hökumət qüvvələri Taiz əyalətinin qərbində yerləşən Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilər və Zubab rayonundakı hava limanı üzərində nəzarəti bərpa edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi polkovnik Məcid əl-Nüzeyli bildirib.
"Silahlı Qüvvələr bu gün genişmiqyaslı "Yəmənin sübhü" əməliyyatına başlayıb. "Əl-Amaliqə" ("Nəhənglər briqadası") və "Dar əl-Vətən" ("Vətən qalxanı") bölmələri Bab əl-Məndəbə nəzarəti ələ keçirməyə müvəffəq olublar", - deyə Yəmənin SABA dövlət informasiya agentliyi onun sözlərini sitat gətirir.
Polkovnikin sözlərinə görə, hökumət qoşunları üsyançı "Ənsar Allah" (husilər) hərəkatının mövqelərini cinahdan dolanaraq manevr ediblər. Nəticədə ordu Zubab rayonunu Məxa liman şəhəri ilə birləşdirən yolu kəsib və onun üzərində atəş nəzarəti bərpa olunub. Yəmən ordusunun sözçüsü əlavə edib ki, Zubabda "Ənsar Allah"ın yüzlərlə döyüşçüsü mühasirəyə alınıb və onlar təslim olmağa çağırılıb. O həmçinin qeyd edib ki, üsyançıların bir hissəsi qayıqlarla dəniz vasitəsilə qaçmağı bacarıb.
Məryəm Quliyeva