Türkmənçay – 1828: tarixi xronika Hadisə

Türkmənçay – 1828: tarixi xronika

Cənubi Azərbaycan torpaqları ələ keçirildikdən sonra onun əvvəlki üsul-idarəsi ləğv olundu

9-cu yazı

Günortadan üç saat keçmiş zati-alinizin adına məktub alaraq mən onun yanından çıxdım. Mirzə Məhəmməd Əli onların adəti əleyhinə olaraq, zira günəş batanda nahar edirlər, məni nahara qonaq etdi. Sonra məni öz çadırında eşik ağası Məmməd Hüseyn xan qonaq etdi. Diqqət, nəvazişkarlıq və yaltaqcasına tərifi mənim qarşımda artıqlaması ilə səpirdilər. Mən onlarda olmuşdum, onlarla sülh şəraitində düşmənçilikdə yaşamışdım və heç zaman nə özümə, nə də digər əcnəbiyə, bizimlə ittifaqda olan nəcabətli məmura olsa da, belə qəbul görməmişdim.
Çor düşərgəsi genişdir, lakin fars çadırları böyük mənzil tələb edir; güman edirəm ki, onların burada 7-dən 10 minədək qoşunu, o cümlədən tam olmayan 4 batalyon sərbazı var, 10 top gördüm. Vadi geniş deyil, ora girişin solunda dərə Gərgərə aparır, onu kürdlərlə Həsən xan, sağda Mərənd yolunu Əli Nağı Mirzə mühafizə edir, onunla Xoy arasında Abbas Mirzənin düşərgəsidir. Qaraziədindən qayıdarkən birinci suyadək 1/2 saat, oradan Çorsun sərhədini müəyyən edən yüksəkliyədək 3 saat, oradan Arazadək atla 1/2 saat, verstlə Abbas Abaddan 4 yuxarıdır.
Mən fars düşərgəsini ruhlandırıcı təəssüratla tərk etdim ki, düşmən müharibə istəmir, bu ona ağır və dəhşətlidir; təkrar olunan uğursuzluqdan hamıda ruh düşkünlüyü var, hamı narazıdır. Mənim qarovulumda dayanan sərbazlar şikayət edirdilər ki, onları yedirtmirlər, Kərimbəy Sultan onlara sadəcə izah edirdi ki, onların rəisləri axmaqdır və onlar birlikdə itib-batacaq. Möhkəm nəzarətə baxmayaraq, süvarilər gəlir və mənim tərcüməçimdən soruşurdular:
"Sülh tez olacaqmı? Nə üçün biz onları həyəcanlandırırıq?" və müharibə onları dəhşətli dərəcədə boğaza yığıb.
Mənim səhhətimdən əhval tutmaq üçün Abbas Mirzənin göndərdiyi Hacı Maqsud Ağaya deyəndə ki, biz ona knyaz Sisianovun yanında xidmət göstərmiş adam kimi hörmət edirik, şad oldu və о saat bizə xidmət etməyə hazır olduğunu təklif etdi və onların ordusundakı çatışmazlıq və nizamsızlıqdan çoxlu danışdı. Bu adam bizə faydalı ola bilər; bir də о qaçmayıb, Yermolovun icazəsilə İrana gedib və hazırda Abbas Mirzənin yanında yavərdir. Mən bizim Abbasquluya tapşırdım ki, geriyə dönəndə mənim konvoyumda olan kürdlərlə (irəvanlı olmayan) danışığa girsin. Onlar gizli olaraq ondan xahiş etmişdilər ki, rus baş komandanı onların xanına xoş sözlər yazsın və onların hamısı о saat bizim tərəfə keçəcək. Qoşunun əhval-ruhiyyəsi belədir...
Abbas Mirzə və onun məmurlarının mənimlə acizanə tonla danışığından aydındır ki, onlar öz qüvvələrini bizimki ilə müqayisədən heç də heyran deyillər. Lakin onların indi sülhü təklif olunan şərtlərlə alacağını gözləmək mümkün deyil, bunun üçün qətiyyət lazımdır; danışıqlarda vaxtı uzatmaq daha çox onlara xasdır. İndi şah şurasında Allahyar xan və sərdar ilə qardaşının səsi üstündür; onlar sülhə qarşı möhkəm durur və buna görə şəxsi vadaredici səbəblərə malikdirlər: birinci öz əvvəlki fikrini müdafiə edir və qorxur ki, iş onun başlıca təhrikçisi olduğu müharibəyə görə cəzalandırmaya çatacaq; sərdar və qardaşı İrəvan əyalətinin bizə güzəşt edilməsilə sərvətlərinin əhəmiyyətli mənbəyindən məhrum olacaqlar. Nə vaxt ki, İrəvan süqut edəcək və farslar özlərinin Azərbaycanın paytaxtında hədələndiklərini görəcək, əgər hər hansı görünməmiş vəziyyət onlarda əvvəlki qabalığı qızışdırmasa, yalnız onda ola bilsin ki, bizim indi onlara təklif etdiyimiz şərtlərlə sülh bağlanmasını gözləmək olar.
Lakin mən kənardan bildim ki, onlar Abbasabada qəsd etməyə hazırlaşırlar. Ola bilsin ki, rəislər ordunu (müxtəlif şayiələrə görə onlarda 65 mindir, lakin yəqin etmək olar ki, 45 minə qədərdir) uzun vaxt fəaliyyətsiz saxlamaq istəmirlər, ona görə ki, onlar qarət halını görmədiklərindən və hər cür çatışmazlığın acısını çəkdiklərindən mütləq dağılışacaqlar.
Saray müşaviri Qriboyedov A.

***

1827-ci il 26 iyul. Abbasabad.
Qriboyedov Paskeviçə: - (General, mənim missiyam başa çatdı, daha doğrusu, mənim şahzadə ilə danışıqlarım nəhayətsiz oldu və mən getməyi qərara aldım. Mən son dərəcə yaxşı qəbul olundum, İranda heç vaxt sülh dövründə də hansı çin verilməsinə baxmayaraq, qəbul zamanı yad ölkədən olana belə iltifat göstərilməmişdi. О dərəcəyə çatmışdı ki, 22-də (iyul) ober-təşrifatçı böyük məiyyətlə gəldi və mənə əlahəzrət imperatriçə - ananın ad günü münasibətilə şahzadədən təbrik fərmanı təqdim etdi. Bundan başqa hər gün şirniyyat və səhərdən axşamacan təriflər olur. Əgər buna ehtiyac olarsa, mən Sizə xüsusi raportda ətraflı məlumat vermək şərəfinə nail olacağam.
Mənə iki sözlə məlumat verin bilim ki, Mirzə Saleh haqqında nə əmr edirsiniz? Siz mənə onu gətirməyə icazə verirsinizmi? 1) İranlılar hökmən 10 aylığa barışıq istəyirlər? 2) Hücumun onun tərəfindən olduğunu və imperatorun ondan qurban tələb etməyə hüququ olduğunu, nəhayət, dərk etmiş şahzadə deyir ki, o, hər şeyə hazırdır, ancaq bu, Gülüstan müqaviləsindən sonra bir neçə əyalətin güzəştə gedilməsinin onda ötəri pərişanlıq, təhqir və i.a. üçün bəhanə olduğu kimi tamamilə əbəs yerə edilməsin. O, imperator həzrətlərinə üzrxahlığını özü yetirməyə yola düşməyə və belə böyük hökmdarın ona irəli sürəcəyi bütün şərtlərlə razılaşmağa hazırdır, belə halda heç olmazsa birdəfəlik onun iltifat və himayəsinə inanmağa cəhd edər. O, şəxsən gedə bilməyəcəyi halda öz yerinə böyük oğlu Əmirzadəni göndərər. O, Sizə ərz edir, onun xahişini Peterburqa yetirəsiniz.
Mənim aldığım və onun kimi bu münasibətlə məktubda, bu təklifdir. Mən barışıq haqqında danışılan səsim batana qədər apardım, ola bilsin buna görə, mən buna belə pis nail oldum. Yaxşısı budur Siz Mirzə Saleh barəsində həll edərkən dünyada yaxşının az olduğunu əvvəldən biləsiniz. Xudahafiz, zati-aliləri. Mən yuxulayıram, mən Qaraziədində çox xəstə idim və ali-həzrətin ağıllı əyanları məşvərət üçün mənim yorğan-döşəyim ətrafına toplaşmışdılar. Sizin əmriniz nədir? Mən hazırkı vaxtda danışıqların kəsilməsinin lazımlılığı barədə düşünürəm.
Mənə icazə verin Mirzə Salehi yanınıza gətirim. Sizə xəbər verməli çoxlu daha maraqlı şeylər var. Hazırkı dəqiqədə mən özümüzünkülər içərisində olduğumdan və özümü Sizə yaxın hiss etdiyimdən fərəh içərisindəyəm. Mən general qr. Suxtelenə və Benkendorfa və Obreskova təzimimi bildirirəm. General, dərin sədaqətli və canfəşan bəndənizin Sizə bəslədiyi hörmət və həqiqi məhəbbətinə inamı qəbul edəsiniz.
Mən bütün gecəni səfərdə keçirmişəm, fikirlərim tutqundur, ona görə də adi haldakından daha pis yazıram.
A.Qriboyedov.

***

Qaraziədin danışıqları baş tutmadığından döyüşlər davam etdirildi. Avqustun 13-də Alagözün ətəklərində, 17-də isə Aştarak və Uşaqan kəndləri yaxınlığındakı döyüşlərdə ruslar qalib gəldilər. Sentyabrın 20-də Sərdarabad təslim oldu, 26-da İrəvan qalasının mühasirəsi başlandı. Oktyabrın 1-də günün sonunda qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. Abbas Mirzə İrəvan qalasını köməksiz qoyaraq Naxçıvana yönəldi.

***
Rus qoşunlarının ilk dəstələri 1826-cı ilin sonlarında Cənubi Azərbaycan torpaqlarına daxil olmuşdu. 1827-ci il yanvarın əvvəllərində rus qoşunları Qaradağın mərkəzi Əhəri tutdu. Paskeviçin Cənubi Azərbaycana hücumu qadağan etməsinə baxmayaraq, bu qruplaşmaların komandanı Eristov hücumu davam etdirdi.
Eristov Georgi Şesseyeviç (1760-1863) - gürcü knyazı, Əlahiddə Qafqaz korpusunun zabiti, general. Eristovun qadağaya baxmayaraq, Təbrizə yürüşü Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumunun qisası kimi də qiymətləndirilir. 1827-ci il oktyabrın 2-də rus qoşunları Mərəndə daxil oldu, sonra Təbrizə doğru hərəkət etməyə başladı.
1827-ci il 13 oktyabr. Təbriz. Təbriz qarnizonunun rəisi Allahyar xan müdafiəyə hazırlaşdı. Təbriz müctəhidi Ağa Mir Fəttah rusların tərəfinə keçdi və əhalini ondan nümunə götürməyə çağırdı...
Ağa Mir Fəttah Təbatəbai (? - 1852) tanınmış müctəhid Mirzə Yusifin oğlu idi. Rusların Cənubi Azərbaycana işğalçı yürüşü zamanı Təbriz müctəhidi olan Mir Fəttah şəhərin tutulması və idarəsində Rusiyaya xüsusi xidmət göstərmişdi. Paskeviçin təklifi və çarın razılığına əsasən Rusiya təbəəliyinə qəbul olunmuş, şeyxülislam vəzifəsinə təyin edilmişdi. Paskeviçin Qafqazı tərk etməsindən sonra vəzifayə gələn yeni ali məmurların ona münasibəti gərgin olmuşdu. 1841-ci ildə Rusiyanı tərk etmiş, çarın fərmanı ilə 1843-cü ildə təbəəlikdən çıxarılmışdı. Müctəhidin taleyi çarizmə sddaqətli xidmdt müqabilində etimadsızlıq və inamsızlıq göstərilməsinə əyani örnək kimi göstərilir. Oktyabrın 13-də rus bölükləri Təbrizə daxil oldu. Təbriz tutulduqdan sonra Tehran üzərinə yol açıldı.
Cənubi Azərbaycan torpaqları ələ keçirildikdən sonra onun əvvəlki üsul-idarəsi ləğv olundu. Bu torpaqları idarə etmək məqsədilə "Azərbaycan (Cənubi - K.Ş.) idarəsi" yaradıldı. Bu idarəyə general Osten-Saken başçılıq edirdi.
Osten-Saken Dmitri Yerofeyeviç (1789-1881) - general - adyutant. Ağa Mir Fəttah, Fətəli xan və başqaları da həmin idarəyə daxil idi. Paskeviçin tapşırığı ilə Qriboyedov Azərbaycan idarəsinin fəaliyyəti üçün ümumi qaydalar tərtib elmişdi. Onun tam mətni məlum deyil.

***
İrəvanın və Təbrizin süqutundan sonra sülh danışıqları yenidən gündəliyə çıxır. Abbas Mirzə belə bir təkliflə Paskeviçə müraciət edir. İngilis diplomatları da danışıqların başlanmasına çalışır. Səfir Makdonald ilə Qriboyedovun rusların işğal etdiyi Təbrizdə görüşü olur. Danışıqlar barədə razılıq olsa da, ingilislərin vasitəçiliyi rədd olunur.
Makdonald Con (? - 1830) - 1824-cü ildə İngillərənin İrandakı işlar vəkili H.Uilloku əvəz etmişdir. Makdonaldın vaxtında ingilis missiyası səfirliyə çevrildi və o, 1826-1830-cu illərdə səfir oldu. Obrezkovun qaimməqamla Qara Məlik kəndində görüşündə danışıqların Dehğarğanda aparılması razılaşdırılır.


Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor