İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir Hadisə

İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilib. Ombudsman Aparatından "Xalq Cəbhəsi"nə verilən məlumata görə, tədbir ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində baş tutub.
Tədbirlərdə çıxış edən Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov ilk öncə iştirakçılara 28 may – Respublika Günü ilə əlaqədar danışıb. Qeyd olunub ki, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi prosesinin nəticəsi kimi yaranıb, iki ilə yaxın qısa bir müddətdə mövcud olmasına baxmayaraq demokratik hüquq və azadlıqların bərqərar olması, bir çox Avropa ölkəsini geridə qoyaraq qadınların seçki hüququnu tanıması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsilin, mədəniyyətin inkişafı, milli ordu quruculuğu və s. sahələrdə görülmüş işlərlə dövlətçilik tariximizdə dərin iz buraxıb.
Bildirilib ki, Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinin dövlət səviyyəsində geniş qeyd edilməsi ilə əlaqədar müvafiq sərəncam imzalayıb.
Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilib. Azərbaycanın ilk Konstitusiyası qəbul edilib, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılıb, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə "İnsan Hüquqları günü" kimi qeyd olunur və hər il olduğu kimi bu il də Ombudsmanın tərəfindən mayın 18-dən iyunun 18-dək ölkədə İnsan Hüquqları Aylığı elan edilib.