Məhkəmələr və hakimlərlə bağlı qanunda hansı dəyişiklik olacaq? Hadisə

Məhkəmələr və hakimlərlə bağlı qanunda hansı dəyişiklik olacaq?

"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif olunur.
Qanunun 22-ci maddəsində qeyd olunub ki, rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
Qanuna təklif edilən əlavəyə əsasən isə rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur.
Layihəyə əsasən, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir.
"Qanuna əsasən, rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, yəni, işə qəbul, işdən azad edilməsi məsələləri, məhkəmənin fəaliyyətində cari məsələlər və.s. Faktiki olaraq hakim həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, lakin bu o anlama gəlmir ki, o, məhkəmə sədridir.
Qanuna uyğun olaraq, hakimlərin fəaliyyəti 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakim sədrin səlahiyyətlərini həyata keçirməsinə baxmayaraq onun fəaliyyətini 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirmək mümkün olmur. Dəyişiklik qanunun təkmilləşdirilməsi məqsədilə edilir" –deyə qeyd olunub.
Dəyişiklik layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.