Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib Hadisə

Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib.
Dövlətimizin başçısı Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazıb.
Sonra Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla söhbət edib.
Dövlətimizin başçısı Helmut Kolun vəfatı ilə əlaqədar Almaniya xalqına başsağlığı verib. Prezident İlham Əliyev vurğulayıb ki, görkəmli ictimai-siyasi xadim, böyük və tarixi şəxsiyyət olan Helmut Kol öz xalqı qarşısında mühüm xidmətlər göstərib. O, Almaniyanın birləşdirilməsi və Avropa İttifaqının gücləndirilməsi istiqamətində əvəzsiz rol oynayıb.
Ulu öndər Heydər Əliyev ilə Helmut Kolun Azərbaycan-Almaniya əlaqələrinin əsasını qoyduqlarını vurğulayan Prezident İlham Əliyev Heydər Əliyevin prezidentliyi dövründə ilk rəsmi səfərlərindən birini Almaniyaya etdiyini, bu səfərin və mərhum Helmut Kolla keçirilən görüşlərin ikitərəfli münasibətlərin təməlini qoyduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı Ulu Öndərin Helmut Kolla görüşlərindən xoş təəssüratları onunla bölüşdüyünü bildirib.
Bu gün ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığın bir çox sahələri əhatə etdiyini bildirib və əlaqələrin yaxşı perspektivə malik olduğunu qeyd edib.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab başsağlığına və xoş sözlərə görə minnətdarlığını bildirib. O, Almaniya-Azərbaycan əlaqələrinin inkişafından danışıb.
Söhbət zamanı almanların Azərbaycana gəlişinin 200 illik yubileyinə hazırlıqla bağlı görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.