Azərbaycana qarşı məkrli tələ Hadisə

Azərbaycana qarşı məkrli tələ

ABŞ və Fransadakı erməni lobbisi mühacirlərimizi niyə ələ keçirir?!


Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz növbəti geopolitik dəyişikliklər mərhələsinə qədəm qoyur. Qara dəniz hövzəsi (Ukrayna) və Aralıq dənizi (Suriya) uğrunda maraqlarını qorumaq üçün hərbi əməliyyatlara belə əl atmaqdan çəkinməyən ənənəvi rəqiblərin – ABŞ və Rusiyanın növbəti toqquşma nöqtəsinin məhz Cənubi Qafqaz və Mərkəzi Asiya olacağı artıq kimsədə şübhə doğurmur…
Bu baxımdan, istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya ölkələrində son aylar ərzində baş verən ən xırda hadisələr belə diqqətlə izlənilməli və bu hadisələrin bölgədə mümkün ABŞ-Rusiya savaşına qəfildən nə kimi "töhfələr" gətirə biləcəyi ehtimalları ciddi şəkildə incələnməlidir.
Təəssüf ki, ölkəmiz Azərbaycan hər iki bölgəni – Cənubi Qafqazı Mərkəzi Asiyaya bağlayan əsas körpü, dəhliz olduğundan bu savaşın tən ortasına düşüb və indi ən çox diqqətdə saxlanılmalı olan da elə məhz bu keçiddə baş verənlərdir. Çünki bütün maraqlı güclər, ilk növbədə, bu körpünü tutmağa, bu dəhlizi nəzarətə götürməyə çalışırlar…


Dezinformasiyalar balans siyasətinə təsir edəcəkmi?

Görünən odur ki, Azərbaycan hakimiyyətinin, xüsusən də prezident İlham Əliyevin ölkənin ənənəvi xarici siyasət kursunu – savaşan iki dünya nəhəngi arasında qəti seçim etməmək və balansı saxlamaq cəhdləri bir çox gücləri qane etmir və bu səbəbdən də ona qarşı xarici basqılar getdikcə artır. Xüsusən də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra bu basqıların daha açıq xarakter aldığı və birbaşa prezident İlham Əliyevin özünün və ailə üzvlərinin hədəfə gətirildiyi müşahidə olunmaqdadır…
Təsadüfi deyil ki, məhz bu görüş ərəfəsi və ondan dərhal sonra bir neçə istiqamətdən Azərbaycana, onun rəhbərinə qarşı həm nüfuzdansalıcı, həm də Azərbaycanın digər ölkələrlə münasibətlərini korlamağa hədəflənmiş dezinformasiyaların yayılmasınının təşkili başlanıb.
Son belə ciddi və üzərində durulacaq fakt İsrailin rəsmi "Haaretz" qəzetində yayıldığı iddia edilən materialla bağlı baş verib. Əvvəlcə PA rəsmiləri səviyyəsində İsrail nəşrinin belə bir material yaydığı informasiyası təsdiqlənsə də, sonradan üzə çıxdı ki, kimlərsə İsrailin bu nüfuzlu qəzetinin adına saxta domen açaraq belə bir dezinformasiyanı yaymağa və onu kütləvi şəkildə tirajlamağa qərar veriblər…
Görünən həqiqət budur ki, bu "kimsələr" İsrail kimi texnoloji cəhətdən yüksək inkişaf etmiş bir dövlətin adı və media resursu üzərində çoxkombinasiyalı siyasi oyun qura biləcək qədər qüdrətli, hətta məsələnin kökünün tam şəkildə çözülüb sona çatdırılmasının qarşısını alacaq qədər güclü və böyükdürlər.
Buna paralel olaraq diqqət çəkən digər bir mühüm fakt isə məhz bu ərəfədə başqa bir oyunun başladılmasıdır: 1993-cü il qiyamının müəllifi və daha sonra isə dövlət çevrilişinə cəhdə görə həbsə atılmış, sonra da azadlığa buraxılmış sabiq baş nazir Sürət Hüseynovun adı və fotoları qəfildən "Azərbaycanın gələcək prezidenti" təqdimatıyla yenə sosial şəbəkələr vasitəsiylə gündəliyə gətirilib. Doğrudur, Sürət Hüseynov deyib ki, bundan tamamilə xəbərsiz olub və onu bu oyuna salan da Türkiyədə yaşayan Sinan adlı əslən azərbaycanlı bir şəxsdir… Ancaq ortada böyük bir oyunun olduğu göz önündədir və indi hər kəs də bu oyunu quranların kimliyini araşdırmaqla məşğuldur.
Bəzi ekspertlər onlara təqdim edilənlərdən tələm-tələsik nəticə çıxararaq, işin arxasında Rusiyanın durduğunu deyir, Azərbaycanın İsraildən silah almaması üçün münasibətlərin pozulmasında maraqlı olduğunu söyləyir və bu zaman həm də son 1 ay ərzində fəallaşan şəxslərin vaxtilə Rusiya şəbəkəsinin üzvləri olduqlarına diqqət çəkirlər. Ancaq "sağ göstərib sol vurmaq" və "özgə bayrağı altında fəaliyyət göstərmək" qaydalarıyla məsələlərin mahiyyətinə vardıqda, əslində baş verənlərin daha çox əks cinahdan – Qərbdən qaynaqlandığı və işin içində də Qərb xüsusi xidmətləriylə yanaşı, onların nökəri olan erməni lobbisinin – Azərbaycanın əsas düşməninin əlinin olduğu üzə çıxır.

Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərini niyə gərginləşdirməyə çalışırlar?

Azərbaycan indiyədək hərbi-siyasi planda Cənubi Qafqazın digər iki ölkəsindən fərqli davranıb: nə Gürcüstan kimi NATO-nu, nə də Ermənistan kimi Rusiya hərbçilərini öz sərhədləri daxilinə buraxıb. NATO tərəfdarlarının ölkədə geniş əl-qol atmasına imkan verməsə də, Qərblə iqtisadi əlaqələrini yüksək səviyyədə qurub, eyni zamanda ən böyük sərhədləri olan Rusiya və İranla da mehriban qonşuluq münasibətlərini saxlayıb. Son zamanlar isə Rusiya-Türkiyə və Rusiya-İran oxu üzrə fəal siyasət aparmaqla, faktiki, özünə qonşu 3 əsas regional dövlətin – Rusiya-Türkiyə-İran yaxınlaşmasının əsas təşəbbüskarı kimi çıxış edib. Eyni zamanda, Qarabağ probleminin həllində Azərbaycana kömək edəcəyi təqdirdə, Rusiya ilə birgə Avrasiya İttifaqında təmsil olunacağını açıq mətnlə bəyan edib. Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasındakı münasibətlər də, digərlərindən fərqli olaraq, dostluq və etibara söykənən xarakter alıb və hər ikisi son dövrlər çıxışlarında bunu tez-tez vurğulayırlar…
Sözsüz ki, Azərbaycan hakimiyyətinin bu mövqeyi və davranışları Rusiyanı qərb, cənub qərb və cənub sərhədləri boyu hərbi-siyasi müstəvidə sıxışdırmağı, çəmbərə almağı və ipə-sapa yatmayan Putini neytrallaşdırmağı hədəfləyən ABŞ və Avropanın (NATO-nun) bəzi dövlətlərinin planlarını pozur. Odur ki, məqsədli və planlı şəkildə Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərini gərginləşdirmək və pozmaq xətti seçilib. Qəsdən ölkədə elə təəssürat yaradılır ki, Azərbaycan hakimiyyətini "vuran" və onun əleyhinə "qara piar" təşkil edən Rusiyadır. Əslində isə…

Qərb radikal müxalifətin ağırlıq mərkəzini niyə Fransaya köçürüb?

Əslində isə diqqətlə izlədikdə bütün bu prosesin SSRİ-nin dağılmasında önəmli rol oynamış erməni lobbisinin dərin kök atdığı və xeyli güclü olduğu iki ölkədən – ABŞ və Fransadan qaynaqlandığı, Azərbaycana qarşı bir çox məkrli ssenarilərin məhz bu iki ölkədən cızılıb işə salındığı faktlarını aşkarca görə bilərik. Doğrudur, bu ölkələrin xüsusi xidmətləri və onlara bu işdə əməlli-başlı yardım edən erməni lobbisi öz fəaliyyətini çox məharətlə "demokratiya uğrunda mübarizə" məqsədiylə və ənənəvi müxalifətin adıyla, imkanlarıyla pərdələməyə çalışdıqlarından, onu hər kəs sezə, görə bilmir. Ancaq proseslərin gedişinə, son nətcələrə baxdıqda mənzərə göz önündə tam aydınlaşır…
Məsələn, diqqət yetirsək, görərik ki, son illər ərzində Azərbaycanda sıxışdırılan Qərb tərəfdarlarının, hakimiyyət əleyhdarlarının ən çox sığındığı və rahat fəaliyyət göstərdiyi Avropa ölkəsi Fransadır. Hazırda Fransa, faktiki olaraq, Azərbaycan müxalifətinin, hakimiyyətdən narazı düşmüş şəxslərin cəmləşdiyi və oradan ölkənin daxili həyatına "kompromat qovluğu" ilə nüfuz edə biləcək əsas ideoloji-siyasi təxribat mərkəzinə çevrilməkdədir.
İndi Azərbaycanda nəinki sosial-iqtisadi, hətta adi məişət zəminində olan hadisəyə də etirazlar ölkənin özündən daha çox, kənardan – Avropadan gəlir. Burada azərbaycanlı siyasi mühacirlərin bir neçə təşkilatı və ən əsası, hakimiyyətin kontrolunda olmayan, ictimai rəyə geniş təsir etmək imkanına malik televiziyası – "Azadlıq"qəzetinin baş redaktoru Qənimət Zahidin açdığı "Turan TV" fəaliyyət göstərir.
Əvvəllər yalnız həftədə 1 dəfə 2 saatlıq müəllif proqramı kimi efirə çıxa bilən "Azərbaycan saatı"nın bazası əsasında yaradılan bu televiziya artıq xeyli genişlənərərk, təkcə AXCP-nin deyil, ümumiyyətlə, hakimiyyətdən narazı olan bütün qüvvələrin əsas tribunasına çevrilməkdədir. Qənimət Zahidin mövcud Azərbaycan hakimiyyətinin ünvanına yönəlik əndazəsiz, qəzəb və nifrət saçan çıxışları, eləcə də ağına-bozuna baxmadan hakimiyyət əleyhinə istənilən dedi-qodunu yaymaq siyasəti "Turan TV"ni media qurumundan daha çox siyasi mübarizə alətinə döndərib. Televiziyanın təkcə fevral ayından bəri "YouTube"də yerləşdirilən verilişlərinin monitorinqi göstərir ki, prezident İlham Əliyev və ailə üzvləri haqqında indiyədək ən ağılagəlməz ittihamlar məhz bu kanal vasitəsiylə deyilib, ictimailəşdirilib.
Sözsüz ki, bu cür radikal kursun seçilməsi təkcə Azərbaycan hakimiyyətinə qarşı olan siyasi qüvvələr üçün yox, bir dövlət kimi Azərbaycanın varlığını istəməyən güclər, həmçinin erməni lobbisi üçün də "Turan Tv"ni, bir növ, cəlbedici resursa və öz məkrli niyyətlərini həyata keçirmək məqsədiylə uydurduqları hansısa dezinformasiyaları və ya kompromatları tirajlamaqda örtüyə çevirib.
Məsələn, son vaxtlar tez-tez "Turan TV"nin efirindən əsasən rusdilli təbəqəyə müraciət üçün yararlanan və Azərbaycan hakimiyyətini, həmçinin Rusiya rəhbərliyini sərt tənqid edən Beydulla Manafovun ABŞ-dakı erməni lobbisi ilə sıx əlaqələri aşkarlanıb. Onun həyat yoldaşının, eləcə də kürəkəninin erməni olduğu və mərkəzi qərargahı ABŞ-da yerləşən və Fransa ilə sıx işləyən erməni lobbisinin təmsilçiləriylə təmaslarının olduğu, ancaq bunu mühacir soydaşlarından gizlətdiyinə dair faktlar qeydə alınıb…
Sözsüz ki, gözlərini Azərbaycan hakimiyyətinə qarşı kin və qəzəbin örtdüyü Qənimət Zahidin türk millətçilərinin böyük idealı olan TURAN adı altında yaratdığı televiziyasının efirini qarışıq nigahlıların, erməni maraqlarının müdafiəçilərinin üzərinə belə həvəslə açması, onları ictimai rəyə söz sahibi kimi təqdim etməsi səbəbsiz deyil və biz bu haqda hələlik nəsə deməyəcəyik – zaman bir gün hər şeyi üzə çıxaracaq.
Ancaq keçmişimizi yaxşı bilən Qənimət Zahid onu heç unutmamalıdır ki, tariximiz özünü dost kimi göstərən ermənilərin fürsət düşəndə neçə-neçə türk oğluna arxadan xəncər sapladığı faktlarıyla dopdoludur…
Bir gün gələr, erməni marağı nəinki Azərbaycan hakimiyyətini, bütün Azərbaycan dövlətini ləkələmək, onun adını beynəlxalq qalmaqala salmaq üçün istifadə etdiyi Qənimət Zahidi də çox rahatca qurbanlıq seçər!

"STRATEQ" Araşdırma Qrupu