QHT-lər hüquq və monitorinq komissiyası yaratdılar Hadisə

QHT-lər hüquq və monitorinq komissiyası yaratdılar

Qurumun işinin təşkili Əliməmməd Nuriyevə həvalə edilib
QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən dəyişiklik və əlavələrlə bağlı məlumatlandırma tədbirləri keçiriləcək

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda çıxış edən Şura sədri Azay Quliyev təmsil etdiyi qurumun təşəbbüsü ilə bir neçə gün öncə Milli Məclisin 17 dekabr 2013-cü ildə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara etdiyi əlavə və dəyişikliklərin MM, Ədliyyə nazirliyi, beynəlxalq təşkilatlar və dəyişikliklərdən narazı qalan QHT-lərin nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edildiyini bildirib.
Azay Quliyev qarşılıqlı anlaşma şəraitində keçən görüşdə qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına, QHT-lərin inkişafına, mövcud boşluqların aradan qaldırılmasına xidmət etməsi ilə bağlı ortaq rəyə gəlindiyini qeyd edib.
Toplantıda qanunvericiliyə edilən əlavə və dəyişikliklərin icrasına ictimai nəzarəti təmin etmək məqsədi ilə "Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın sədri Sahib Məmmədov, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə tərəfdaşı olan Qeyri kommersiya hüququ üzrə beynəlxalq mərkəzinin baş məsləhətçisi Məhəmməd Quluzadə, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov, Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov və Katibliyin baş məsləhətçisi, hüquqşünası Fərid Rüstəmovdan ibarət Şuranın "hüquq və monitorinq" komissiyasının yaradılması və qurumun işinin təşkilinin Əliməmməd Nuriyevə həvalə edilməsi qərara alınıb.
İclasda QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən dəyişiklik və əlavələrlə bağlı məlumatlandırma tədbirləri keçirməsinə ehtiyac duyulduğunu nəzərə alaraq Şuranın "hüquq və monitorinq" komissiyasının bununla bağlı paytaxtda və regionlarda maarifləndirici sessiyalar keçirməsi və müvafiq metodik vəsait hazırlaması haqqında qərar qəbul olunub.