XXIII Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi Hadisə

XXIII Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi

Sentyabrın 28-dən 30-dək Bakı Expo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq "BIHE 2017" Səhiyyə Sərgisi keçiriləcək. Sərgidə Azərbaycan, Belarus, Almaniya, Hindistan, İtaliya, İran, Çin, Litva, Polşa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, İsveçrə və digər ölkələri təmsil edən 100-dən artıq şirkət iştirak edəcək. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilən "BIHE 2017" sərgisinin təşkilatçıları "Iteca Caspian" şirkəti və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group"dur.
Bu münasibətlə sentyabrın 27-də keçirilmiş mətbuat konfransında "Iteca Caspian LLC" şirkətinin meneceri Kamran Daşdəmirov çıxış edib. K.Daşdəmirov deyib: "Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribüterləri də iştirak edəcək. Yerli distribüterlər arasında "BTL Industries", "Labservis", "Planeta" və digər şirkətlər var. Builki sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim ediləcək. "BIHE" sərgisi ilə paralel olaraq daha iki tədbir - XII Azərbaycan Beynəlxalq "Stomatologiya" sərgisi ("Stomatology Azerbaijan 2017") və XI Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi ("Beauty Azerbaijan 2017") keçiriləcək.
Sərgi çərçivəsində ilk dəfə olaraq həkimlər üçün konqres keçirilməsi planlaşdırılır. Burada səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsi aparılacaq. Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlərlə yerli istehsalçı və distribüterlər arasında vorkşop keçirəcəklər və həmin tədbir bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə və səmərəli işgüzar platformaya çevriləcəkdir. Vorkşopun keçirilməsində məqsəd sərgi iştirakçılarının yerli şirkətlərlə səmərəli işgüzar əlaqələr qurmasına, ziyarətçilərin isə öz distribüter şəbəkələrini genişləndirməsinə kömək etməkdir. Beləliklə, BHİE səhiyyə sərgisi tibb sahəsində çalışan peşəkarların ünsiyyəti üçün mühüm hadisə olmaqla bərabər, səhiyyə sahəsində ən müasir məhsulları, yeni müalicə metodikalarını və aparıcı texnologiyaları nümayiş etdirmək üçün ideal məkandır.