Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Hadisə

Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) və Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə məşhur kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Mərkəzi Elmi Kitabxanada baş tutan təqdimatda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, dövlət qurumları, özəl sektor və müxtəlif media orqanlarının əməkdaşları,Bakı Dövlət Universitetinin müəlllim və tələbə heyəti iştirak edib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyevədəbiyyatın xalqlar arasındakı sevgini, birliyi, doğmalığı, qardaşlığı daha aydın və rahat büruzə verən nəcib bir körpü olduğunu bildirib. Vurğulanıb ki, Kolumbiya-Azərbaycan əlaqələri hər sahədə inkişaf etdirilir və belə tədbirlər ölkələrimizin ədəbi mühitinin yaxınlaşmasında, ədəbiyyatları arasında mübadilələrin aparılmasında mühüm rol oynayır. M.Əliyev ispandilli ədəbiyyatın ən güclü nümayəndələrindən biri olan Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı" əsərinin mistik realizmin şedevri sayıldığını və bu əsərin yazıçının Nobel mükafatına layiq görülməsində böyük rol oynadığını qeyd edib. O, Markesin öz əsərləri sayəsində Latın Amerikasının ruhunu bütün dünyaya tanıtdırdığını, maraqlı şəxsiyyəti ilə milyonlarla insanın hafizəsində iz buraxdığını deyib.
Sonra Kolumbiyanın Azərbaycandakı səfiri Marta İnes Galindo Pena çıxış edərək konfransın keçirilməsinin önəmindən və ədəbiyyatın bəşəriyyət üçün dəyərindən danışıb.Səfir Azərbaycanda olduğu müddətdə buradakı inkişafdan məmnun olduğunu söyləyib. İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə qurulmasında hər iki tərəfin maraqlı olduğunu, eyni zamanda ədəbi əlaqələrə də xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bu baxımdan həmyerlisi, Nobel mükafatı laureatı Markesin yaradıcılığına hər yerdə olduğu kimi Azərbaycanda da böyük dəyər verildyini bildirib.
Daha sonra kolumbiyalı yazıçı, professor Konrado Zuluaqanın "Yüz illik tənhalıq adlı möcüzə" mövzusunda mühazirəsi dinlənilib. O, Markes yaradıcılığının şah əsəri hesab olunan "Yüz ilin tənhalığı" romanının məziyyətlərindən söz açıb. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvinin öz əksini tapdığını, bu nəslin tarixinin - hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən hekayət olduğunu, tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələrinin mifik xarakter daşıdığını bildirib.