Narkotiklərə dair cərimələr artırıldı Hadisə

Narkotiklərə dair cərimələr artırıldı

Parlamentin ötən gün keçirilən yaz sessiyasının sonuncu plenar iclasında İnzibati Xətalar Məcəlləsinə növbəti dəyişiklik edilib.
Dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər 150, vəzifəli şəxslər 400, hüquqi şəxslər isə 1000 manat miqdarında cərimə edilir.
Təklif olunan dəyişikliklərə görə, eyni inzibati xətanı il ərzində təkrar törədən şəxslər istisna olmaqla, bu Məcəllənin 68-10-cu, 116.0.1-ci, 194-cü, 195-ci, 196.0.4-cü, 196.0.6-cı, 316-cı və 317.2-ci- 320-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.
Məlumat üçün bildirək ki, Məcəllədə nəzərdə tutulan dəyişikliklər Prezidentin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığına qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın 4.2-ci bəndindən irəli gəlir.
Məcəlləyə dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.