MN-dən yaralı əsgərlə bağlı açıqlama Hadisə

MN-dən yaralı əsgərlə bağlı açıqlama

"Düşmənin açdığı atəş nəticəsində yaralanan əsgərin vəziyyəti stabildir"
Füzuli rayonu ərazisində müdafiənin ön xəttində düşmənin açdığı atəş nəticəsində yaralanan 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti stabildir. APA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin baş cərrahı, polkovnik Famil Babayevə istinadən məlumat yayıb.
F. Babayevin sözlərinə görə, əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu qarın boşluğu nahiyəsindən güllə yarası alıb. Yaralıya vaxtında və keyfiyyətli tibbi yardım göstərilib: "İlk yardım göstərildikdən sonra yaralı dərhal həmin bölgədə yerləşən hərbi müalicə müəssisinə çatdırılıb. Orada yüksək ixtisaslı cərrahiyyə briqadası tərəfindən əməliyyat olunub. Müdafiə nazirinin göstərişi ilə dərhal Silahlı Qüvvələrin baş reanimatoloqu və cərrahı bölgəyə ezam olunublar. Yaralının vəziyyəti stabilləşdikdən sonra o, hərbi-sanitar helikopter vasitəsilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib. Hazırda yaralının vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur və Silahlı Qüvvələrin baş mütəxəssislərinin nəzarəti altında onun müalicəsi davam etdirilir".