Şeyxülislam KKTC-nin Bakı təmsilçisini qəbul edib Hadisə

Şeyxülislam KKTC-nin Bakı təmsilçisini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Sadəddin Topukçunu qəbul edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri Kipri türk dünyasının bir parçası, kiprliləri türkdilli qardaş xalq kimi dəyərləndirdiyini bildirib, Türkiyə dövləti ilə Azərbaycan arasında mövcud qardaşlıq əlaqələrinin Kiprə də sirayət etdiyini diqqətə çatdırıb.
Şeyxülislam A. Paşazadə Azərbaycan və Kipr türkləri arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin vacibliyindən söhbət açıb. Görüşdə bildirilib ki, keçirilən beynəlxalq dinlərarası tədbirlərdə Azərbaycan və Kipr nümayəndələrinin qarşılıqlı şəkildə iştirakı bu işə öz töhfəsini verə bilər.
Şeyxülislam A.Paşazadə Kiprdə iştirak etdiyi konfranslar, habelə Kiprin mərhum lideri Rauf Denktaşla görüşü barədə xatirələrini dilə gətirib, Kipr xalqına və rəhbərliyinə ən xoş arzularını yetirib.
Qardaş Azərbaycanda təmsilçi olmaqdan şərəf duyduğunu bildirən Kiprin təmsilçisi S.Topukçu Şeyxülislam A.Paşazadəni tanınmış, nüfuzlu dini lider kimi yüksək dəyərləndirdiklərini bildirib, onu Kiprdə gedən inkişaf prosesləri barədə məlumatlandırıb, Azərbaycan və Kipr xalqları arasında qardaşlıq münasibətlərinin, mənəvi əlaqələrin inkişaf etdirilməsini arzuladıqlarını vurğulayıb. Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.