Partiyalar bələdiyyələrə niyə maraq göstərmirlər? Hadisə

Partiyalar bələdiyyələrə niyə maraq göstərmirlər?

Samir Əsədli: "Bələdiyyənin səlahiyyəti yoxdur..."
Elşən Həsənov: "Bunun səbəbi bələdiyyələrin funksiyalarının hələ də qeyri müəyyənliyindədir"
Xanoğlan Əhmədov: "Bələdiyyələrin statusu və səlahiyyətləri hələ də dəqiq müəyyənləşdirilməyib"

Ölkədə bələdiyyə seçkiləri yaxınlaşsa da digər ölkələrdən fərqli olaraq Azərbaycan siyasi səhnəsində canlanma hiss olunmur. Siyasi parntiyalar artıq uzun illərdir ki, bələdiyyə seçkilərinə önəm vermirlər, demək olar ki, bu prosesə əhəmiyyətsiz bir hadisə kimi yanaşırlar. Bunun səbəbi nədir, siyasilər nə düşünürlər?
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli diqqətə çatdırdı ki, bələdiyyələrə ciddi maraq olmaması seçki kampaniyasına mənfi təsir edir: "Azərbaycanda təəssüf ki, bələdiyyələrin statusu, səlahiyyəti son dərəcə cüzidir. Belə ki, statusu olmayan bələdiyyələr faktiki olaraq icra hakimiyyətlərinin qapazaltı orqanına çevrilib. Bələdiyyənin elementar səlahiyyəti yoxdur ki, nəyisə həll eləsin. Belə olduğu üçün də vətəndaşda bələdiyyə seçkisində həm namizəd, həm də seçici kimi iştiraka maraq qalmır. Bu il seçki ilidir, amma ölkədə seçki ab-havasından əsər-əlamət yoxdur, seçki mübarizəsinin heç mehi də əsmir. Bələdiyyə seçkilərinə qədər bələdiyyələrin statusunun artırılması istiqamətində hakimiyyətin həyata keçirməli olduğu mühüm işlər var. Məhz bu addımlar atılarsa, bələdiyyə seçkilərinə siyasi qüvvələrdə ciddi maraq yaranar və normal seçki prosesi keçər.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov diqqətə çatdırdı ki, siyasi partiyaların bələdiyyə seçkilərinə önəm veməməsinin əsas səbəbi bələdiyyələrin funksiyalarının hələ də qeyri müəyyənliyindədir: "Bələdiyyələr haqqında qanunun qəbul edildiyi ilk illərdə bu quruma keçirilən seçkilərin doğurduğu ajiotajla indiki situasiya bir-birindən köklü surətdə fərqlidir. Yəqin insanlarda bələdiyyələrin digər ölkələrdə olduğu kimi Azərbaycanda da işlək bir orqanizm olaraq fəaliyyət göstərəcəyinə ümidlərin daha çox olmasında idi. İndi biz, bunun tam əksinin şahidi oluruq. Bələdiyyələrin yerinə yetirməli olduqları funksiyaları başqa orqanlar yerinə yetirir Əslində Bələdiyyələr tamamilə yararsız, torpaq, zibil pulu yığan bir quruma çevrilib. Funksiyaları bəlli deyil. Onları işlək vəziyyətə gətirməkdən ötrü sadəcə bir seçkili orqan olaraq dəqiq yerinə yetirməli olduqları funksiyaları tam olaraq aydınlaşdırılmalı, digər halda isə bələdiyyələrin funksiyalarına əngəl törədən, bu funksiyaları mənimsəyən orqanların fəaliyyəti məhdudlaşdırılmalıdır".
"Aydınlar" Partiyasının təşkilat məsələlər üzrə müavini, Media və Mülki Cəmiyyət İctimai Birliyini sədri Xanoğlan Əhmədov vurğuladı ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan edəndən sonra yeni cəmiyyət quruculuğu həyatımıza bir sıra yeniliklər gətirdi: "Bu sırada 1999-cu ildə təsis edilən bələdiyyə institutlarının adını xüsusi qeyd etmək olar. Doğrudur, həmin ildə keçirilən bələdiyyə seçkiləri qanun pozuntuları şəraitində keçirilsə də, bu qurum cəmiyyətimiz üçün dövlət strukturuna daxil olmayan yeni ictimai özünüidarəetmə institutu idi və təsis edilərkən qarşısına Qərbi Avropanın qabaqcıl ölkələrinin təcrübəsinə söykənməyi məqsəd qoymuşdu. Bu mənada cəmiyyətin idarə olunmasında yerli özünüidarələrin rolunun vacibliyini nəzərə alsaq, qarşıda həll edilməsi vacib olan çoxlu sayda problemlər var. Belə ki, bələdiyyələr fəaliyyətə başladığı gündən xalq arasında yerli özünüidarə qurumu kimi deyil, "torpaq satan", "torpaq paylayan" bir qurum kimi yadda qalıb. Əksər bələdiyyələr fəaliyyətləri dövründə daha çox torpaq satmağa üstünlük verdiklərindən digər problemlərin həllini arxa plana keçiriblər. Bəzi bələdiyyə sədrləri özləri qanunsuzluqlara yol verməkdən dolayı, üstəlik, bələdiyyələr haqqında qanunların işləmədiyi, qurumun fəaliyyətinə icra strukturlarının müdaxiləsi barədə gileylənməyi də yaddan çıxarmayıblar". Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üçün bu günə qədər 20-dən çox qanun, əsasnamə və s. qanunvericilik aktı qəbul edilib: "Lakin çoxsaylı qanunvericilik aktının qəbul edilməsinə baxmayaraq, bələdiyyələrin sərbəst fəaliyyət göstərmələrinə kifayət edəcək qanunvericilik bazası yoxdur. Çünki bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlar ciddi nöqsan və qüsurlarla qəbul edilib. Bələdiyyələrin fəaliyyəti belə bir iddianı irəli sürməyə əsas verir ki, mərkəzi hakimiyyət əlindəki səlahiyyətləri bələdiyyələrlə bölüşməyə tam hazır deyil. Əvvəlcədən heç bir mülkiyyəti olmayan bələdiyyələrin iqtisadi və maliyyə gücü olmadan hansısa sosial, iqtisadi və yaxud, ekoloji problemləri həll edəcəyini fikirləşmək sadəlövhlük olar. Bir müqayisəni sizin diqqətinizə çatdıraq: Qardaş Türkiyədə bələdiyyələrə hər il təxminən dövlət büdcəsindən 10 faiz vəsait ayrılsa da, Azərbaycanda bu rəqəm 0,3 faiz nisbətində olub. Yəni Türkiyədəkindən 30 dəfə az. Əslində, mövcud qanunvericiliklə bələdiyyələrə geniş səlahiyyətlər verilsə də, bu formal xarakter daşıyır. Məsələn, fərdi yaşayış binaları üçün ərazilərin ayrılması bələdiyyələrə həvalə olunsa da, əksər hallarda bu məsələlərə icra hakimiyyətləri müdaxilə edir. Nümunəsini deyim: bələdiyyələr vətəndaşa torpaq ayırarkən bunu icra başçısı ilə razılaşdırmasalar həmin qərar başçının göstərişi ilə dərhal ləğv olunur, mövcud qanunlara zidd olsa belə... Azərbaycanda keçirilən sonuncu bələdiyyə seçkisi də də əvvəlkilərdən heç nə ilə fərqlənmədi və vətəndaş cəmiyyəti quruculuğuna ciddi töhfə verə bilmədi". O, həmçinin əlavə etdi ki, Avropa Xartiyasının tələblərinə uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir: "Bələdiyyələrin statusu haqqında" Qanunda əhalinin aztəminatlı təbəqələrinə əlavə sosial yardımların verilməsi, yolların təmiri, qəbiristanlıqların saxlanması, yas mərasimlərinin təşkili və s. bələdiyyələrin tam səlahiyyətləri kimi göstərilməsinə baxmayaraq, qanunun icrasına demək olar ki, əməl olunmur. Bu məsələdə nümunə kimi Avropanı və yaxud da Türkiyəni göstərmək lazım deyil. Elə qonşu Gürcüstanda bələdiyyələrə verilən səlahiyyətlərlə tanışlıq yetərli ola bilər. Burada ilk növbədə məhəllə polisləri, polis post-patrul xidməti bələdiyyələrə tabe etdirilib. Polislər yerli hakimiyyətlə əməkdaşlıq etdiyinə görə, törədilmiş cinayətin üstü vaxtında açılır. Qonşu ölkədə əhalinin sosial yardıma ehtiyacı olan təbəqəsini müəyyənləşdirmək də bələdiyyələrin səlahiyyətlərinə aiddir. Bələdiyyənin ayırdığı nümayəndələr kəndləri gəzərək ehtiyacı olanları siyahıya alır və onlara ayın sonunda davamlı olaraq müəyyən məbləğdə yardım göstərilir. Ancaq heç kimə sirr deyil ki, bizdə bələdiyyələrin bu qədər səlahiyyətləri yoxdur. Yerli idarəetmə həm icra hakimiyyətləri, həm də bələdiyyələr tərəfindən həyata keçirilir və sonuncu dayanıqlı maliyyə mənbələrinə malik deyil. Bir neçə ildir ki, bələdiyyələrə 3.5 milyon dotasiya ayrılmasına baxmayaraq, onların illik gəlirləri ildən-ilə azalır. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda bələdiyyə institutunun effektiv fəaliyyətinə mane olan əsas amillərdən biri yerli idarəetmədə paralelliyin mövcudluğudur. Hamıya bəllidir ki, bizdə bələdiyyə institutları ilə yanaşı, yerli icra nümayəndəlikləri də fəaliyyət göstərir. Konkret səlahiyyət bölgüsü olmadığından hər iki qurum, demək olar ki, eyni vəzifələri icra edir. Yerlərdə mövcud olan bu ikihakimiyyətlilik vəsaitlərin də səmərəsiz xərclənməsinə rəvac verir... Ərazi icra nümayəndəliklərinin saxlanmasına il ərzində 11 milyon manatdan artıq vəsait sərf olunduğu halda bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği isə təxminən 3,5 milyon manat civarındadır. Hazırda Azərbaycan cəmiyyətində sosial problemlərin həllinə yönəlmiş tədbirlərə ciddi ehtiyac duyulur. Qeyri-dövlət təşkilatlarının vətəndaş kampaniyalarında iştirakları əslində vətəndaşların üzləşdikləri problemlərin həllinə bilavasitə cəlb edilməsi kimi dəyərləndirilməlidir. Vətəndaş cəmiyyəti quruculuğunda vətəndaşların fəal iştirakı, onların dövlətin idarə olunmasına cəlb edilməsi çox vacibdir. Sosial problemlərin həllində yerli özünüidarələrin-bələdiyyələrin real nəticəyə doğru istiqamətlənməsi barədə Azərbaycan cəmiyyətindəki təsəvvürlər daha da ictimailəşdirilməlidir. Yəni, Azərbaycan "Yerli özünüidarə xartiyası"na qoşulduğu üçün üzərinə bir sıra öhdəliklər götürsə də, onların həyata keçirilməsi formal xarakter daşıyır və görüntü yaratmaq xatirinə edilir". Onun fikrincə, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının statusu və səlahiyyətləri hələ də dəqiq müəyyənləşdirilməyib: "Ölkədə yerli özünüidarənin formalaşması prosesində həddən artıq problemlər mövcuddur. Ən böyük problem ondan ibarətdir ki, yerli özünüidarəetmə funksiyasını icra hakimiyyətlərinin yerlərdəki nümayəndələrinin həyata keçirməsidir. Ekspertlərin dediyinə görə, hazırda bələdiyyələr 5 orqan qarşısında hesabat verdiklərindən bu, onların effektiv fəaliyyətinə mane olur. Deməli, bələdiyyələr növbəti 5 ildə də ənənəvi fəaliyyətlərini davam etdirəcəklər, bu müddətdə hər hansı irəliləyiş gözləməyə dəyməz".

Əli