Cavan və ahıl: Qüvvə və müdrikliyin vəhdəti Hadisə

Cavan və ahıl: Qüvvə və müdrikliyin vəhdəti

Hüseynağa Qəniyev


Dostum, həmkarım Əlövsət Bəşirliyə

İnsan ömrünün bütün yaşlarının özünə məxsus yükü var. Bu, tale tərəfindən hədiyyə olunmuş xoşbəxtlik yüküdür. Onun bütün dövrlərini mahiyyətindən doğan təbiiliyi, gözəlliyi, sevinci, sevgi və ehtirası tam dolğunluğu ilə duymaq, reallaşdırıb yaşamaq, mahir süvari kimi son nəfəsədək dördnala çapmağı bacarmaq, xalqın təbiri ilə desək, yerində və vaxtında "gözü dolusu görmək" əsil xoşbəxtlikdir.
Fikrimcə, fərdi xüsusiyyətləri və təsadüfləri istisna etməklə, yaxşı halda 6-14 yaşı uşaqlıq, 15-18 yaşı yeniyetməlik, 19-40 yaşı gənclik, 41-70 yaşı kamillik, 71-80 yaşı ahıllıq, 81-90 yaşı qocalıq dövrü, 90-dan yuxarı yaşı uzunömürlülük adlan¬dır¬¬maq olar.
* * *
Uşaqlıq dəcəllik, şıltaqlıq, sındırıb-dağıtmaq, ağlayıb əldə etməklə daha çox yadda qalır. Balacalar hər şeylə maraqlanır, sirri öyrənmək əvəzinə, görmək istə-yirlər. Ona görə tərpənən, hərəkət edən, səs çıxaran oyuncaqları sındırıb, içərisinə baxırlar.
* * *
Yeniyetməlik ağılı ağılsızdan yox, öz səhvlərindən, uğursuzluğundan öyrənir. O, atasını, anasını, gözü tutduğu bir gənci, ədəbiyyatda oxuduğu, filmlərdə gördüyü, folklordan öyrəndiyi obrazları ideallaşdırıb nümunə götürür, təqlid edir, ona bənzəməyə çalışır. İnanır ki, istək və arzularının həyata keçirilməsi üçün at da, meydan da gələcəkdə – gənclik dövründədir.
* * *
Gənclik yeniyetməlikdən fərqli olaraq, "nə etmək" haqqında düşünməklə yanaşı, "necə etmək" barədə də fikirləşir. Onlara inanmaq, yeri gələndə səhvlərini bağışlamaq lazımdır. Xalq arasında müdrik bir deyim var: əgər gənclik bilsəydi, qocalıq bacarsaydı…
İstedadlı gənclər üçün uğursuzluq da tərbiyə məktəbi, ağıl, bilik mənbəyi ola bilər. Bununla onlar uğursuzluğun nə vaxt, hansı şəraitdə, nə üçün, nədən baş verdiyni, gələcəkdə nəyi etməməyin vacibliyini öyrənir, heç vaxt unutmur, təkrar etmirlər. Lakin bunu – uğursuzluğu daimi, əsas, aparıcı metoda çevirmək lazım deyil.
Gənclik romantikadır, ilham və yaradıcılıqdır, özünüaxtarışdır, riskdir, xalq dilində desək, lazım gəlsə özünü oda atmaq, közə vurmaqdır. Fərqlənmək, seçib-seçilmək, sayılmaq, populyar olmaq, igidlik, cəsurluq, qəhrəmanlıq nümunəsi göstərmək arzusudur.
O, işi çox gen götürür; arzu-istəkləri imkan və vəsaitindən böyük olur. Tələsir, problemi tədbirdən daha çox zor, enerji, bircə zərbə ilə həll etməyə çalışır.
Gənclik ahılın ağlına gələn fikrin ilk anına bənzəyir. O, balta ilə yonulmuşdur, rəndələnib, sürtülüb cilalanmayıb, hərtərəfli ölçülüb biçilməmişdir. Kamil deyil, faydalı, professional məsləhətlərlə təkmilləşməyib.
Gənclik üçün hər şey parlaqdır, işıqlıdır, dadlıdır, ətirlidir. Ciyərlərinə doldurduğu havanın ləzzətindən doymur. Onun üçün bitkilərin, ağacların, təbiətin, daşın, dəmirin, az qala şüşənin də qoxusu var. Bütün səslər həzin, məlahətli, ecaz¬kardır, ona ruh və rahatlıq verir.
Müdrikliyi ilə gənclik həvəsini və yenilik ruhunu qoruyub saxlayan ağsaqqallar kimi zəhməti və bacarığı ilə həyatdan daha tez dərs alıb, formalaşan cavanlara da rast gəlmək mümkündür. Belə adamlar üçün hədd, yaşdan daha çox fikir və ruhdur.
Təbii istedadla doğulmuş gənclər enerji, bilik və müdrikliklə dolu, bütün yaş dövrlərini vəhdətdə birləşdirən möcüzədirlər.
21 yaşında dueldə həlak olan dahi fransız riyaziyyatçısı Evarist Qalua yeganə əsəri ilə müasir cəbr elminin inkişafının bünövrəsini qoymuşdur. 19 yaşında respublikada bütün xalq tərəfindən fitri istedada malik şair kimi tanınan, qəbul olunan və sevilən Səməd Vurğun "Yeddi oğul istərəm" filminin əsasını təşkil edən poemasını və əbədiliyə vəsiqə alan, uşaqdan qocayadək hamının Vətən himni bildiyi "Azərbaycan" şeirini 23 yaşında yazmışdır.
Dahi mütəfəkkir bəstəkar Üzeyir Hacıbəyli Şərqdə ilk operanı – "Leyli və Məcnun"u, Rixard Ştraus "Don Juan" simfonik poemasını 24, Mixail Lermontov "Zəmanəmizin qəhrəmanı"nı 25, Nikolay Qoqol "Müfəttiş" əsərini 27 yaşında yaratmışdır. Norveç riyaziyyatçısı Henrix Abel cəmi 27 il yaşamasına baxmayaraq, riyaziyyat elminin inkişafına fundamental töhfələr verib.Volfqanq Motsart erkən, ağlasığmaz istedadıyla yeniyetimə yaşlarında dahiliyin əlamətlərini parlaq şəkildə nümayiş etdirmişdir.
* * *
Qələbə yalnız əzələ ilə qazanılmır. Onun ikinci – gözəgörünməz gücə, enerjiyə – elm, bilik , peşəkarlığa, təcrübəyə , düzgün qərarlar qəbul etmək üçün müdriklərin məsləhətlərinə böyük ehtiyacı var. Ağsaqqal gəncliyin enerjisini müdrikliyilə tamamlayır, bütövləşdirib möhtəşəm uğur və qələbəyə çevirir. Elə isə nə üçün gənclik ağsaqqalın müdrikliyini öz enerjisi, çevikliyi, cəsurluğu ilə tamamlayıb, uğurlu sonluğa çatdırmasın?!
Qocalığın ağır, şərəfli yükü yaşından asılı olmayaraq, bütün insanlara durmadan yaxınlaşır. Hər kəs taleyin bu təbii xoşbəxtlik yükünü sakit və müdrikliklə daşımağa hazır olmalıdır.
Bu yaş dövründə cismani və ruhi-mənəvi hisslərin yerdəyişməsi baş verir. İkinci birincidən önə keçir. Gərəksiz, faydasız hiss və duyğulardan uzaqlaşır. Hər parıldayanı qızıl sanıb, ona doğru yüyürmür.
Ahıl dünyəvi, milli dəyərlərin, adət-ənənələrin sədaqətli qoruyucusuna çevrilir. Adamlarla elə yaşayıb davranmağa çalışır ki, sanki Allah onu görür , allahla fikrən elə danışır ki , guya adamlar onu görür.
Cavan gözləri, ahıl ağlı və dərrakəsi ilə daha dərin, daha geniş, aydın və mükəmməl görür. Ona görə də birincisi gördüyünə, ikincisi ağlına və məntiqinə daha çox inanır.
Gənclik yeniyetməliyin, kamillik gəncliyin səhvlərini görür. Bunu dərd edib ürəyini sıxmır, nəticə çıxarmağı daha önəmli sayır.
Əsil müdrik təkcə işdə, ictimaiyyətdə, xalq arasında deyil, şəxsi həyatında – ailədə, xəlvətdə, tənhalıqda da şəxsiyyətinin böyüklüyünü qoruyub saxlayır.
* * *
Ahılların fiziki zəifliyi onları praktik işdən uzaşqlaşdırır. Lakin elə zəruri, vacib işlər var ki, həlli enerjidən daha çox müdriklik, təcrübə tələb edir. Ona görə də antik Roma Respublikasının Ali Dövlət Şurası senat – ağsaqqallar, müdriklər Məclisi adlandırılmışdır.
Məşhur Roma filosofu, müdrik natiq, zəmanəsində hamı tərəfindən "millətin atası" kimi qəbul edilən Mark Tulli Siseronun fikrinə görə, çox vaxt cavanların səriştəsizliyindən dağılan dövlətlər, onlardan sonra gələn qocaman dövlət başçıları tərəfindən bərpa olunmuşdur.
Dahi filosof İsokrat 90, faciə ustası Sofokl 94 yaşında ən mükəmməl və dəyərli əsərlərini yaza-yaza keçinmişlər. Uinston Çörçillin İkinci Dünya müharibəsindən sonra – ahıl yaşlarında irəli sürdüyü "Dünyada yeni düzən" strateji konsepsiyası bu gündə aktuallığını itirməmiş, qocalığındakı ədəbi fəaliyyəti Nobel mükafatına layiq görülmüşdür . 86 yaşlı Zbiqnev Bzejinski hazırda ümumdünya siyasətinin aparıcı fiqurlarından biridir.
* * *
Ağsaqqal özündən əvvəlki bütün yaş dövrlərinin nöqsanlarını süzgəcdən keçirib, ləyaqətini estafet kimi özündən sonra gələn nəslə ötürür. Onun ən böyük, dəyərli sərvəti vaxtdır. O, hər günü, saatı müdrikliklə sıxıb, şirəsini gənclər üçün "əlində – ovcunda" saxlayır.
Ağsaqqal riskə getməkdən çəkinir, orta vəziyyətlə kifayətlənir, ehtiyatı əldən vermədən uğurları addım-addım qazanır. Cavandan fərqli olaraq isinmək üçün tonqala çox yaxın oturub yanmır, uzaqda durub üşümür, hər zaman, hər yerdə, hər şəraitdə özünün rolunu və yerini aydın görür.
* * *
Uşaqlıq və gənclik zaman etibarilə qocalığa uzaq olduğu qədər də , yaddaşda yaxın, doğma və əzizdir. Onun cismini tərk etsə də, ruhunda yaşayır.
Qocalıq tarixdir, ictimai praktikadır. Gəncliyin irili-xırdalı bütün uğurlarında payı vardır. Onun narahatlığı, problem və ehtiyacları çoxdur: fiziki zəiflik, xəstəlik, yoxsulluq, bəzən dövlətin unutqanlığı, ictimai mühitin, gəncliyin etinasızlığı, övladlarının – uşaqlarının, nəvə-nəticələrinin taleyi, problemləri və s.
Bəzən yaşlı adamın yersiz və yöndəmsiz sözü və ya hərəkətini hallandırıb, "qocalıqdandır" deyirik. Bu fikir nəinki yanlışdır, hətta günahdır. Yöndəmsizlik insanın yaşında deyil, başında, təbiətindədir. O, törəmə deyil, mayadadır. Uşaqlıq¬da ona göz yumub, "uşaqdır", cavanlıqda güzəştə gedib, "cavandır" deyirik, qocalıqda vitrinə çıxarırıq.
Qocalıq xəstəlik deyil, sərvətdir, xəstəlik qocalıqdır. Hamı kimi onlar da qocalıqdan yox, konkret xəstəliklərindən dünyalarını dəyişirlər.
* * *
Qocanın ruhuna, duyğu və düşüncə tərzinə dərindən nüfuz etmədən onu düzgün dərk edib, dəyərləndirmək mümkün deyildir. O, bütün yaş dövrlərini yaşayıb, hər dövr haqqında tam, mükəmməl anlayışı, fikri, deməyə sözü var. Qocalığı yaşamayanların ona dəyər, qiymət verməsi, haqqında fikir yürütməsi, görmədiyin, tanımadığın adam haqqında fikir söyləməyə bənzəyir.
Qocaları əzizləmək azdır, onları babaların nəvələri sevdiyi kimi sevmək, ingilislərin qocaman dövlət xadimlərinə pərəstiş etdikləri kimi pərəstiş etmək lazımdır.
Həyatdan, elmdən, ədəbiyyatdan öyrəndiklərimiz ruhumuza hopur, ağsaqqallarımızdan, ata-babalarımızdan götürdüklərimiz isə canımızda, genetik kodumuzda yaşayır.
Ağsaqqalları sevmək, onlara pərəstiş etmək soyumuzun kökünü suvarmaq, bünövrəmizi bərkidib möhkəmləndirmək,milli şüurumuzu,mənəvi dəyərlərimizi qorumaq nəslimizi , el-obamızı, xalqımızı şərəfləndirməkdir.