Erməni təxribatını yaymayın! Hadisə

Erməni təxribatını yaymayın!

Arzu Şirinova

Hər gün ermənilərin təxribatlarını internet vasitəsilə izləyirik. Maraqlıdır ki, bu təxribatların sonda sabun köpüyü olduğunu görürük. Belə bir təxribatdan birini də dünən oxudum. Məlumata görə, Müstəqil Futbol Assosiyasiyaları Birliyinin (Konifo) sədri, ingiltərəli Saşa Dürkop Azərbaycanın işğal altındakı torpaqlarına səfəri zamanı separatçı rejimdə çempionatın keçirilməsi üçün təkliflə çıxış edib. Saşa Dürkop təşkilatın 2015-ci ildə keçirilməsi planlaşdırılan Avropa çempionatını Dağlıq Qarabağda gerçəkləşdirəcəklərini bildirib. Onun sözlərinə görə, tanınmış dövlətlər birliyi kuboku uğrunda yarışın Dağlıq Qarabağda keçirilməsi üçün separatçı rejimin lideri Bako Saakyanla razılıq əldə edib. Oyunların Xankəndi, Xocavənd və Şuşada baş tutacağı gözlənilir. Çempionatda Laplandiya, Hormand Adaları, Cənubi Asetiya, Abxaziya Hitsa qraflığının iştirak edəcəyi bildirilir.
Məlumatı oxuyub sona çatandan sonra internetdə axtarış verdim ki, görüm Müstəqil Futbol Assosiyasiyaları Birliyinin bundan öncəki gerçəkləşdirdiyi çempionat hansı ölkədə baş tutub və çempionatda hansı ölkələr iştirak edib. Həhayət, çempion hansı ölkənin futbol komandası olub. Bu adda təşkilat tapılmadı. Təşkilatın sədri Saşa Dürkop üçün də axtarış verdim. Yenə də əliboş qaldım. Deməli, olmayan bir təşkilatın adından olmayan bir kəsin açıqlama verməsi təxribatdır ki, bu təxribatı da biz yaymaqla "şorbada duzumuzun olmasına" yardım göstəririk.
Lap tutaq ki, belə bir təşkilat və belə bir adda təşkilatın sədri var. Və o, açıqlama verir. Gəlin görək onun açıqlaması nə qədər ciddidir? Axı belə bir çempionatın keçirilməsi üçün infrastrukturu Avropa standartlarına cavab verən, çempionatı izləmək üçün sözügedən məkana gələnləri yaxşı şəraitlə təmin edən və ən əsası dünyanın onun müstəqilliyini tanıdığı bir ölkə olmalıdır. Başlayım sonuncudan. Dağlıq Qarabağ müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və buranı 20 ildən artıqdır ki, Ermənistanın silahlı qüvvələri işğal ediblər və bu işğal hələ də davam edir. Belə olan halda işğala məruz qalan bir ərazidə hansısa beynəlxalq təşkilatın-müstəqil və yaxud qeyri-müstəqil fərqi yox-futbol çempionatı təşkil etməsi beynəlxalq qanunlara ziddir və suçdur. Buna Azərbaycan dövləti icazə verməz. Hecə ki, ermənilərin Xocalıda tikib başa gətirdikləri hava limanının fəaliyyətinə icazə vermədi.
Çempionatın keçirilməsi nəzərdə tutulan Xankəndi, Xocavənd və Şuşanın infrastrukturunun hansı vəziyyətdə olduğu kimsəyə sirr deyil. Ola bilər ki, Xankəndini paytaxt seçən separatçılar burda nələrsə qurub-yaradıblar. Bu da ki, diləndikləri ianələr hesabına başa gəlib. Digər iki məkanda-Xocavənd və Şuşada çempionatın keçirilməsi mümkünsüzdü. Glənlər burada yalnız dağıdılmış binaları görə bilərlər...
Bu gün acından ölməmək üçün əl açıb başqalarından para uman erməni separatçılar görəsən hansı pulla sözügedən çempionatı düzənləyə bilərlər? Erməni diasporasının yardımını dilə gətirmək mənasızdı. Çünki artıq diasporanın da tükəndiyi haqqında məlumatlar var...
Sonda dediyim odur ki, gəlin ermənilərin təxribat dolu informasiyalarını yaymaqdan və insanlarımızı ümidsizliyə qapılmağa düçar etməkdən əl çəkək...