İslamın əlindən cahilliyi almasaq... Hadisə

İslamın əlindən cahilliyi almasaq...

Arzu Şirinova

İslam ölkələrində-İraqda, Misirdə, Suriyada, Livanda bugünə kimi baş verənlər Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin bir vaxtlar dediyi "biz bu gün islamın əlindən çomağı, raketi almalıyıq. Əvəzində qələm, elm verməliyik", fikirlərinin yüzdə yüz həqiqət olduğunu, nə yazıq ki, bu həqiqətin gerçək həyatda reallaşması üçün əhəmiyyətli addımlar atılmadığının təsdiqidir.
Hörmətli Şeyxülislam Allahşükür Paşazadə bu fikirləri qlobal mənada, yəni islam ölkələrində baş verən hadisələrdən dolayı deyib. Ancaq mən, eyni zamanda, şeyxin bu fikirlərini bir də ona şamil edərdim ki, islam dəyərləri ilə yanaşı, qızlarımıza elm də öyrətməliyik. Onlara qarşı bütün zorakılıqlara yox deməliyik...
...Bu günlərdə dostlarımdan biri sosial şəbəkədə son zəng günündə baş verən maraqlı bir olay haqqında yazdı. Onun sözlərinə görə, məzunları təbrik edən müəllim fəxrlə bildirib ki, bu günki məzunların arasında ana olan, uşağı ilə tədbirə qoşulan bir qızımız da var. Yəni orta məktəb həyatı ilə vidalaşan bu qız qanunla yaşı çatmasa da belə ailə qurub və artıq övlad sahibi olub. Hecə deyərlər, islam adətinə görə kəbin kəsdirsə də, rəsmi nigahı yoxdur. Bunu isə müəllim hamının qarşısında yaxşı bir iş kimi təqdir edir, sanki bu elə bir hadisədir ki, hamı bundan nümunə götürməlidir...
...Azərbaycanın əsasən cənub bölgəsində, Bakı kəndlərində nigah yaşı çatmamış qızların ailə qurması artıq bir dəb halını alıb. Maraqlıdır ki, 20 yaşını keçmiş qızları qarımış qızlar kimi qəbul edirlər və onlara hətta acıyırlar. Halbuki 20 yaşlı qızlar oxuyub ali təhsil dalınca getsələr institutu hələ qurtarmamış olacaqlar.
İki il bundan öncə Bakı kəndlərinin birində qohum toyuna getmişdim. Toyu olan qızın 16 yaşı vardı. Qonşu qadın Allaha şükür edirdi ki, əvvəlki adət-ənənələr yenidən bərpa olunur. Yəni 14-15 yaşlarında qızlara elçi düşür, toyları olur. Onun təfəkkürünə görə bu islam adətlərinə uyğundur. Və dinimiz bunu tələb edir. Mən onun söhbətinə müdaxilə elədim və sübut etməyə çalışdım ki, həm tibbi, həm də islami baxımdan qızların 14-15 yaşlarında ailə qurmaları yolverilməzdir. O isə başına yerləşdirdiyi fikirlərdən vaz keçmirdi və deyirdi ki, bir qızın erkən yaşlarından ailə qurmasının nəyi pisdir. Birincisi, oğul-uşaq sahibi olacaq, ikincisi, ata-anasına yük olmaqdan qurtulacaq, üçüncüsü də özünə ev-eşik quracaq. Göründüyü kimi bu fikirdə olanlar üçün qızların təhsil alması nəinki arxa sıralarda, heç düşünmək istəmədikləri bir məsələdir.
Ən pisi odur ki, bu gün müəllim adını daşıyanlardan bəziləri də qızların ali təhsil almasına qarşı çıxırlar. Bu da fəlakətin başlanğıcıdır. 21-ci əsrin ilk on ilini geridə qoymuşuq. Yaşadığımız əsrdə savadsız olmaq o deməkdir ki, sən məhvə məhkumsan. Deyirik ki, uşaqlar gələcəyimizdir və gələcəyimizi daha parlaq, daha savadlı görmək istəyirik. Əgər ailədə ana savadsızdırsa, həmin ailədən parlaq nəsə gözləmək mümkünsüzdür. Savadsız ana öz haqqını, hüququnu qoruya bilmədiyi halda, uşağına hansı gözəl güzəran bəxş edə bilər?
Ona görə də Allahşükür Paşazadənin sözünə qüvvət biz bu gün islamın əlindən həm də cəhaləti almalıyıq. Əvəzində qələm, elm və bilik verməliyik ki, Azərbaycan daha da qüdrətli və güclü olsun. Daha gənclərimiz Dağlıq Qarabağ problemi ola-ola gedib Suriyada hansısa bir şəriətin qurbanına çevrilib baş kəsməsin...