“8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək” Hadisə

“8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələri 11 min manat alacaqlar

Prezident İlham ƏliyevAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrinin icra edən Səlim Müslümov mətbuat konfransında çıxışı zamanı bildirib.
Səlim Müslümovun sözlərinə görə, ilkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür.
"Bu kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq", - deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Səlim Müslümov diqqətə çatdırıb ki, bununla bağlı Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti isə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verəcəklər: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti təqdim olunmuş sənədlərlə birlikdə qəbul etməklə, onu müraciətlərin vahid elektron reyestrinə daxil edəcək. Müraciətin daxilolma tarixini, reyestr nömrəsini əks etdirən qəbz müraciət etmiş şəxsə təqdim olunacaq".
Nazirliyin hərbi qulluqçunun adının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi ümumi siyahıda olub-olmamasını müəyyən edəcəyini bildirən Səlim Müslümov qeyd edib ki, bunun əsasında və Fərmanın digər tələbləri də nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul edəcək. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul etdiyi şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim edəcək. Müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələr nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə həmin şəxslərə məlumat veriləcək.