“Wikipedia“da AXC-yə həsr olunan məqalə müsabiqəsi elan edilib Hadisə

“Wikipedia“da AXC-yə həsr olunan məqalə müsabiqəsi elan edilib

Azərbaycan dilindəki "Wikipedia"da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məqalə müsabiqəsi elan edilib.
Müsabiqə 1-31 may tarixlərini əhatə edəcək və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində rolu olan şəxslər, hadisələr, qurumlar və s. mövzular barədə "Wikipedia" məqalələri yaradılacaq, mövcud məqalələr isə təkmilləşdiriləcək. Artıq yaradılması və təkmilləşdirilməsi tövsiyə olunan məqalələrin siyahısı hazırlanaraq "Wikipedia"da yerləşdirilib.
"Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin sədri və Azərbaycan vikimediaçıları istifadəçi qrupunun rəhbəri Elgün Atalıyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkə və xalq üçün çox əlamətdar hadisə olduğu üçün may ayında məhz bu mövzuya həsr edilmiş məqalə müsabiqəsinin keçirilməsinə qərar verilib.
Azərbaycan vikimediaçıları istifadəçi qrupu 2014-cü ilin oktyabr ayından etibarən hər ay azərbaycanca "Wikipedia"da müxtəlif mövzularda məqalə müsabiqələri təşkil edir və qalibləri mükafatlandırır. "Wikipedia"da redaktə etmək və məqalə yazmağın sərbəst olmasını nəzərə alaraq, bu müsabiqələrdə hər kəs, o cümlədən, əvvəllər internet ensiklopediyasına heç bir töhfə verməmiş şəxslər də azad şəkildə iştirak edə bilər.