Xaraktersizlik faciəsi Hadisə

Xaraktersizlik faciəsi

Xarakterin yoxdursa, deməli həqiqəti edam kötüyünə ötürənlərin sırasındasan...

Elçin Mirzəbəyli

"Biz şükür edənləri mükafatlandıracağıq"
(Al-i İmran Surəsi 145)

Bu yazıya müqəddəs Qurani Kərimdən, Al-i İmran Surəsindən gətirdiyim iqtibasla başlamağım təsadüfi deyil.
...47 yaşımı haqlamışam və ömrümün az qala yarısını insan əxlaqının təməlində dayanan iki müqəddəs kredonun fundamental mahiyyətini qavramağa, mənimsəməyə həsr etmişəm. Ən çətin məqamlarda belə səbirli olmağa və şükür etməyə çalışmışam. Bəzən dışarıdan üzərimə alov püskürən kinin, qəzəbin, ədalətsizliyin və cəhalətin qarşısında dişlərimi bir-birinə qıcıb dayanmışam. Ola bilsin ki, bir çoxları üçün sadaladığım pisliklərin amansız hücumları qarşısında susmaq cəsarətsizlik anlamına gəlir. Amma qəzəbə qarşı qəzəb, nifrətə qarşı nifrət, aqressiyaya qarşı aqressiya nəinki kiçik bir insan toplumunu, bütövlükdə bəşəriyyəti uçruma apara, ilahi harmoniyanı poza bilər.
Zülmə, ədalətsizliyə qarşı özünümüdafiə instiktinin bütün potensialını toparlayıb dayana bilərsən. Bəs cəhalətə, nadanlığa qarşı necə? Cahilə, nadana, öz bitib-tükənməyən istəklərini "Tanrı haqqı" kimi qələmə verən, hər kəsi özünə borclu sayan, əxlaq və mənəviyyat natamamlığından doğan aşırı təkəbbürünü "qürur" sayanlara, bütün dəyərlərə qarşı savaş açanlara nə deyəcəksən? Hecə anladacaqsan bəsirət gözü qapanmışları?
Asi olmaq asandır, tapınmaq isə çətin - bu yanaşma son 25 ilin kataklizmlərindən, bir formasiyadan digərinə daşınan cəmiyyətin ziddiyyətlər dolanbacından keçən bir insanın heç vaxt dəyişməyəcək qənaətidir. Tapınmaq şükür etmək mərifəti, dözüm, dayanıqlılıq tələb edir, asilik isə miskin bir təkəbbürün bütün mümkün vasitələrlə ətrafa nümayiş etdirilməsinə xidmət edən, natamamlıqdan doğan inkarçılıq... Tanrıya tapınmaq, şükran olmaq, minnətdar olmağı bacarmaq - insan əxlaqının, mənəviyyatının, dünyagörüşünün zirvəsidir.
Ən kiçicik bir xeyirxahlığa görə bu və ya digər şəxsə minnnətdar olmağı bacarmayan, yaxud minnətdarlığı "qürurun aşağılanması" kimi qəbul edərək təkkəbbürünün dar çərçivəsindən çıxa bilməyənlər heç vaxt Tanrıya verdiyi nemətlərə görə şükran ola bilməzlər. Çünki minnətdarlıq bacarığı, şükranlıq bütöv bir anlayışdır və heç bir halda ayrı-ayrı şəxslərə münasibətdə fərqli formalarda təzahür edə bilməz. Əgər edirsə, deməli ortalıqda yeni umacaq, məkr və hiylə var...
Təbii ki, bu sətirə qədər sadaladığım bütün ziddiyyətlər, cəhalətdən, aşırı təkəbbürdən və bu yazıya yaraşdırmadığım digər məqamlardan doğan pisliklər bu günün problemi deyil. Xeyirlə şərin, İşıqla qaranlığın mücadiləsinin yaşını kimsə bilmir. Lakin bu əbədi mücadilənin, savaşın içərisində belə bəşəriyyətin mövcudluğunu qoruyub saxlayan, Tanrının düzənlədiyi və bir kimsənin poza bilməyəcəyi İlahi Harmoniya var. Hətta bətnindən zülmətlər doğuran milyonlar belə bu düzəni poza bilməzlər.
Yalnız özlərinə zülm edə bilərlər...

Sözardı

Həqiqət sərtdi, acıdı... Seviləcək, ürəyə basılacaq bir şey deyil. Amma alternativi də yoxdu... Heç birbaşa həqiqət sözünün tutumunu, mahiyyətini ifadə edən sinonim də tapa bilməzsiniz... Amma antonimi nə qədər istəsən - sonsuza qədər, bəzəkli-düzəkli, min bir donda, min bir biçimdə...
...İllər uzunu, hətta istəmədən belə izləmək məcburiyyətində qaldığım insanlar var bu ölkədə. Bəzilərinin yaradıcılığı, bəzilərinin ictimai-siyasi fəaliyyəti... zaman-zaman gözümün önündən ötüb keçib və təəssüf ki, yaddaşımın bir küncündə ilişib qalıb.
Və bu ilişib qalan məqamlar hər dəfə yeni ictimai-siyasi situasiya yarananda, yaxud yarandığı barədə manipulyativ ssenarilər gerçəkləşdiriləndə məni daha çox narahat etməyə başlayır.

***

...Mənə görə həqiqətin təhrif edildiyi, deqrodasiyaya uğradıldığı, qurban kəsildiyi, ayaqlar altına atıldığı ən münbit yer xaraktersizliyin hökm sürdüyü məkandır.

***

Adını nə qoyursan qoy... xarakterin, ətrafında baş verən hadisələrə açıq və birmənalı münasibətin yoxdursa, deməli həqiqəti edam kötüyünə ötürənlərin sırasındasan...

***

...Hamı üçün yaxşı olmağa çalışan, sağın yanında sağdan, solun yanında soldan vuran və həqiqət udan "qara dəlik" olduqları halda "qızıl orta" kimi görünməyə çalışanlardan zəhləm gedir...
Tərəflər arasında var-gəl etməklə cəmiyyətdə üstün mövqeyə yiyələnməyə çalışanlardan, mənafe vasitəçilərindən də həmçinin...

P.S. Bu yazı konkret fərdə və ya fərdlərə deyil, bütövlükdə CƏMİYYƏTƏ ünvanlanıb! Vəssalam!