Penitensiar Xidmətdə görüş keçirilib Hadisə

Penitensiar Xidmətdə görüş keçirilib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Müdafiə işləri üzrə koordinatoru Byorn Oliver Ram və Müdafiə işləri üzrə nümayəndə Yevgen Korotkeviç Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qəbul ediliblər.
PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları salamlayan rəis müavini, ədliyyə polkovniki Ağəli Xəlilov BQX-nin nümayəndələri ilə keçirilən işgüzar görüşlərdə aktual məsələlərin mütəmadi müzakirəsini müsbət dəyərləndirib. Qeyd olunub ki, BQXK tərəfindən verilən bütün tövsiyələr Xidmətin aidiyyəti idarə və şöbələri tərəfindən hər zaman müzakirə edilir və bununla bağlı zəruri tədbirlər həyata keçirilir.
Rəis müavini Penitensiar xidmətin beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi nəzərə çarpacaq müsbət dəyişikliklərin əldə olunduğunu, beynəlxalq qurumların nümayəndələrinin mütəmadi olaraq cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olduqlarını bildirib. Xüsusilə vurğulanıb ki, beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası davam etdirilir, eyni zamanda fəaliyyətdə olan bütün cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əsaslı yenidənqurma, təmir-tikinti və abadlıq işləri həyata keçirilir.
Görüş zamanı BQXK-nın nümayəndəsi Byorn Oliver Ram ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə əməkdaşlığın səmərəli olduğunu vurğulayıb və tövsiyələrə dərhal reaksiya verilməsindən məmnun qaldığını bildirib.
Daha sonra məhkumlara göstərilən psixoloji yardımın səviyyəsini artırmaq, cəza çəkənlərin vaxtından əvvəl azad olunma institutunun beynəlxalq təcrübəsini öyrənmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə xidmət əməkdaşları üçün yeni treninq-məşğələlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.