Mübariz İbrahimov yad edilib Hadisə

Mübariz İbrahimov yad edilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimovun vaxtilə xidmıət etdiyi hərbi hissədə olublar.
APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqlar sözügedən istiqamətdə hərbi qulluqda olan əsgərlərlə görüşüb, onlarla fikir və düşüncələrini bölüşüblər. Daha sonra hərbi xidmətdə fərqləndiyinə görə bir neçə hərbi qulluqçu müxtəlif hədiyyələrlə mükafatlandırlıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqib Abbasov bildirib ki, bu səfər 26 iyun Azərbaycan silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə Gənclər və İdman Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirin məqsədlərindən biri də, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.4 bəndinin icrasını reallaşdırmaqdır.
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının şəxsi heyəti də Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib. Əsgərlər II Fəxri Xiyabanda Milli Qəhrəmanın məzarı üstünə gül dəstələri qoyublar.
Xatırladaq ki, Azərbaycan Milli Qəhrəmanı gizir Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına qoşunların təmas xəttinin Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.