Gənclər Fondu AYAP Proqramı ilə tanış olub Hadisə

Gənclər Fondu AYAP Proqramı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov, Bərdə, Tərtər və Goranboy rayonlarına rəsmi səfərləri çərçivəsində Azərbaycan Gənclərinə Dəstək Proqramının hər üç region üzrə Gənclərin Məşvərət Şurası üzvləri ilə görüş keçiriblər. Görüşlərdə layihəni həyata keçirən tərəflər olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmiləri də yer alıblar. İlk olaraq 26 iyul tarixində Bərdə şəhərində Azərbaycan Gənclərinə Dəstək Proqramının təşəbbüsü ilə yaradılan Kitab Klubunda proqramın üzvləri ilə görüş keçirilib. Qonaqlar klubun fəaliyyəti ilə yaxından tanış oldular. Qarşılıqlı aparılan müzakirələr zamanı gənclər gender bərabərliyi, kəndlərdə idman meydançalarının yaradılması, kitab satışı mağazalarının açılması, Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) digər cəbəhyanı regionlarda tədbiqi, yay düşərgələrinin təşkili, valideyn himayəsindən məhrum olan uşaqlar üçün kitablarla bağlı fəaliyyətlərin hazırlanması kimi təklif və ideyalarını səsləndiriblər. Sonda Gənclərin Məşvərət Şurasının üvlərindən ibarət musiqi qrupu qonaqlar üçün öz musiqi nömrələrini ifa edib.
27 iyul tarixində qonaqlar Azərbaycan Gənclərinə Dəstək Proqramının Tərtər rayon Gənclərin Məşvərət Şurası üzvləri ilə Tərtər rayon Gənclər Mərkəzində yerləşən və Gənclərin Məşvərət Şurasının üzvlərinin təşəbbüsü ilə fəaliyyətdə olan 3D film mərkəzində görüşüblər. Görüş zamanı üzvlər Azərbaycan Gənclərinə Dəstək Proqramının onların həyatında olan əhəmiyyətindən danışıblar və fəaliyyətlərin Gənclər Fondu ilə birgə inkişafı üçün müxtəlif təkliflər bildiriblər. Gənclərə psixoloji məsləhətlər, mentorlar, müxtəlif pulsuz xarici dil, rəqs, rəsm kurslası, eləcə də yay düşərgəsinə qatılmaq müharibə bölgəsində yaşayan gənclər üçün vacib olduğu vurğulanıb.
Təkliflərin ardınca Fərid Cəfərov gənclərin rəsm əsərləri ilə tanış olub və Azərbaycan Gənclərinə Dəstək Proqramına regionda diqqətin olduqca böyük olduğunu bildirib. "Çox yaxşı olardı ki, proqram nəzdində müxtəlif fəaliyyətləri əhatə edən gənc fəalların klubları yaradılsın və onlar ölkə telekanallarında verilişlərə cəlb olunsunlar"
Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və digər rəsmilər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nəzdində fəaliyyət göstərən Tərtər Peşə Təlim Mərkəzinin fəaliyyəti və maddi-texniki imkanları ilə yaxından tanış oldular.
Tərtər rayonunda sonra Goranboy rayonuna səfərdə olan qonaqlar Goranboy rayonunun Səfikürd kəndində Azərbaycan Gənclərinə Dəstək Proqramı üzvlərinin təşəbbüsü ilə yaradılan Səfikürd kənd idman meydançasına baxış keçiriblər. Meydançanın yaradılması təşəbbüsünü irəli sürən Azərbaycan Gənclərinə Dəstək Proqramının məzunu Fuad Məmmədov qonaqlara ideyanın yaranmasından və meydançanın gənclər üçün əhəmiyyətindən danışıb.
Bundan sonra Azərbaycan Gənclərinə Dəstək Proqramının Goranboy rayon Gənclərin Məşvərət Şurasının yeni üzvləri və məzunları ilə Goranboy Rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib. Görüşdə üzvlər proqramın fəaliyyətindən, əvvəlki illərdə qazandığı uğurlardan söhbət açılıb və Səfikürd kənd idman meydançasında yarışların keçirilməsi üçün ləvazimatlar və geyimlərə olan ehtiyaclardan, rəsm,əl işləri sərgilərinin təşkil olunması arzularından, birgə yay düşərgəsi istəklərindən söz açılıb.
Görüş Gənclərin Məşvərət Şurası üzvlərinin rəqs, musiqi, əl işləri təqdimatları ilə davam etdirilib. Sonda üzvlərə Fond tərəfindən müxtəlif hədiyyələr təqdim olundu.
Keçirilən görüşlərin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan Gənclərinə Dəstək Proqramının xatirə kitabına ürək sözlərini yazıb, proqramın xüsusi və olduqca önəmli bir layihə olduğunu bildirib, gənclərlə tanışlığından məmnunluq hissini ifadə edərək, gələcək birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, BMT-nin Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 2011-ci ildən bu günə qədər birgə həyata keçirdiyi Azərbaycan Gənclərinə Dəstək Proqramı (AYAP) BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən 2011-ci ildən başlayaraq ölkəmizin 21 müxtəlif regionunda həyata keçirilib. "AYAP" proqramı "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının prioritetlərini özündə ehtiva edir və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunan "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasına daxil edilib.
Proqram çərçivəsində hazırda əldə edilən təcrübə Tətər, Bərdə və Goranboy rayonlarında tədbiq edilir. Proqramın əsas məqsədi cəbhəyanı regionlarda yaşayan qaçqın və məcbuki köçkün ailələrinin gənc və yeniyetmə övladları, fiziki qüsurlu və həssas qruplardan olan gənclərin qərarqəbuletmə və liderlik bacarıqların inkişaf etdirilməsi, vətənpərvərlik hissinin artırılması və onların yerli icra strukturları ilə sosial məsələlərdə birgə uğurlu əməkdaşlığının yaradılmasına dəstək göstərməkdən ibarətdir.