MN-dən snayperlərlə bağlı açıqlama Hadisə

MN-dən snayperlərlə bağlı açıqlama

"Azərbaycan hərbçiləri öz ölkələrinin sərhədləri daxilində fəaliyyət göstərirlər"

"Azərbaycan hərbçiləri öz ölkələrinin sərhədləri daxilində fəaliyyət göstərirlər".
Bunu APA-nın sorğusunu cavabında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan Milli Məclisi və qondarma Dağlıq Qarabağ "parlamenti"nin snayperlərin qoşunların təmas xəttindən geri çəkilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə ünvanladığı bəyanata münasibət bildirərkən deyib.
"Bizim hərbçilərimiz, snayperlərimiz və hərbi texnikamız Azərbaycan Respublikasının beynəlxalq qurumlar tərəfindən təsdiq edilmiş sərhədləri çərçivəsindədir", - deyə Dərgahlı vurğulayıb.
Qeyd edək ki, ermənilərə məxsus "asbarez.com" saytının məlumatına görə, Ermənistan Milli Məclisi və separatçı Dağlıq Qarabağ rejiminin "parlamenti" Qarabağda qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə bəyanat göndərib. Bəyanatda Ermənistan parlamenti ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini snayperlərin cəbhə xəttindən geri çəkilməsi üçün praktik addımlar atmağa çağırıb.
Bununla yanaşı, bəyanatda qondarma "DQR"-in beynəlxalq səviyyədə tanınmasının vacibliyini iddia edən erməni tərəfi münaqişənin həllində güc və ya güc təhdidindən istifadənin yolverilməzliyini bildirib. Müraciətdə həmsədr ölkələrdən danışıqlar prosesinin bütün mərhələlərində Dağlıq Qarabağın iştirakını təmin etmək də istənilib.