“Hər bir piyada öz təhlükəsizliyinin qayğısına qalmalıdır” Hadisə

“Hər bir piyada öz təhlükəsizliyinin qayğısına qalmalıdır”

Bilik Günündə təhsil müəssisələri və onlara bitişik küçələr, yollar tərəfimizdən tam nəzarətə götürüləcək və zəruri tədbirlər davam etdiriləcək.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov belə deyib. O bildirib ki, süni sıxlıq yaranmaması üçün bəzi tələblər düzgün yerinə yetirilməlidir:
"Bu istiqamətdə biz həm təbliğat xarakterli, həm də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq işimizi davam etdirəcəyik. Xahiş edib bildiririk ki, bu il 1-ci sinfə gedən şagirdlərin müşayiəti bir neçə nəqliyyat vasitəsi ilə həyata keçirilməsin. Sürücülər gedəcəkləri ərazidə avtomobillərin parklama yerinin olub-olmamasını öyrənsinlər. Yolların hərəkət istiqamətinin ikinci cərgəsində, piyada səkilərində, qadağan edilmiş ərazilərdə, yolların kəsişmə hissəsinə yaxın məsafələrdə avtomobillərin dayanması sözsüz ki, inzibati xəta tərkibi yaradır və bunu edənlər məsuliyyətə cəlb olunacaq. "Görmədim", "bilmədim", "adam gözləyirəm" kimi ifadələrin işlədilməsi bəhanədir və bütün bunlar sürücüləri məsuliyyətdən azad etmir".
Vaqif Əsədov həmin gün piyadaların da Yol Hərəkəti haqqında Qanuna əməl etməsinin vacib olduğunu bildirib:
"Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrinin 65 faizi avtomobillərin piyadaları vurması ilə bağlıdır. Bu göstərici çox ciddi narahatlıq doğurur. Piyadalara sizin sayt vasitəsi ilə müraciət edib bildirmək istəyirəm ki, yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə diqqət etsinlər. Ehtimal var ki, həmin gün piyadalar üçün çətinlik olsun, ona görə də yol birləşmələrində və ya ayırıcında işıqforlarla tənzimlənən ərazilərdə yolun bir tərəfindən digər tərəfinə keçərkən tələblərə riayət etsinlər. Nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra qrup halında yolu keçmək daha məsləhətdir. Yol Hərəkəti haqqında Qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir. Bu maddənin tələbləri piyadalar tərəfindən pozulduqda sözsüz ki, onlar da inzibati qaydada məsuliyyətə cəlb ediləcək. Xatırladım ki, Bakı şəhəri üzrə piyada keçidləri tərəfimizdən tam nəzarətə götürülür. Hər bir piyada öz təhlükəsizliyinin qayğısına qalmalıdır.
Bundan başqa, yeni dərs ilinin başlamasına görə piyadaların həyat və sağlamlığının qorunması üçün "Diqqət uşaqlar!" adı altından təhlükəsizlik ayının başlanmasına start verilir. Bunun üçün əməkdaşlarımız tərəfindən həm təbliğat, həm də digər tədbirlər görüləcək ki, azyaşlı uşaqlar yol qəzalarından qorunsun".