Stokholmda Azərbaycan tədris kursları açılıb Hadisə

Stokholmda Azərbaycan tədris kursları açılıb

Stokholmda fəaliyyət göstərən İsveç Azərbaycan Birliyinin (SAF) nəzdindəki tədris kurslarının təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə SAF-ın sədri Sevda Dadaşova kurslarla bağlı məlumat verərək bildirib ki, layihənin məqsədi İsveçə miqrasiya etmiş orta yaşlı və daha çox yaşı olan soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir.
SAF kurslarında Azərbaycan dili ilə yanaşı, İsveç, ingilis və rus dillərinin tədrisi də nəzərdə tutulub. Həmçinin burada uşaqlar üçün kompüter, rəsm, musiqi, rəqs, yoqa, şahmat, karate kimi idman növlərinin öyrədilməsi planlaşdırılır. SAF-ın da daxil olduğu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevgin isə xaricdəki soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin qorunması üçün belə kursların əhəmiyyətini vurğulayaraq, valideynləri bu məsələdə daha fəal olmağa çağırıb. Bu kursların, həmçinin İsveçdəki azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydası da vurğulanıb. Kursa gələn uşaqların ailələri ilə birgə İsveçin görməli yerlərinə və Azərbaycana səfərlərinin təşkili planlaşdırılır.