Bilik Fondu Şirvan şəhərində silsilə tədbirlər təşkil edib Hadisə

Bilik Fondu Şirvan şəhərində silsilə tədbirlər təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şirvan şəhərində silsilə tədbirlər keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirlərdə müvafiq qurumların nümayəndələri, müəllimlər, təqaüddə olan təhsil işçiləri, tələbələr iştirak ediblər. Bilik Fondunun mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə nümayəndə heyəti Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla görüşüb və Şirvan Bilik Evinin açılması ilə bağlı ilkin razılıq əldə olunub. İcra başçısı əhalinin maarifləndirilməsi istiqamətində birgə fəaliyyətin səmərəsindən danışıb, Bilik Fondunun bu layihələrə dəstək verməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Bilik Fondunun nümayəndə heyətinin tədris ocağının müəllim və şagird kollektivi ilə görüşü olub. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov şəhər rəhbərliyi ilə Fondun yaxından əməkdaşlığının inkişaf etdiyini bildirib. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova kollecin müəllimlərini 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, Fondun bölgələrdə həyata keçirdiyi layihələrdən danışıb.
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın "Gənc nəslin tərbiyəsində və tədrisin keyfiyyətinin artırılmasında müəllimin rolu" mövzusunda mühazirəsi dinlənilib. Mühazirəçi bildirib ki, insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllimlə şagird arasında səmimi münasibətin dərsin mənimsəmə keyfiyyətinə böyük təsir göstərdiyini deyən S.Əliyeva müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı pedaqoqların ölkəmizdə çoxluq təşkil etdiyini diqqətə çatdırıb.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş və hazırda təqaüddə olan müəllimlərlə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə qocaman müəllimlər gənc nəslin təlim və tərbiyə prosesində qazandıqları təcrübəni bölüşüblər. Təqaüdçü müəllimlər dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan söz açıblar. Bilik Fondunun nümayəndələri təqaüddə olan 16 müəllimə təşəkkürnamə və hədiyyələr təqdim ediblər. Tədbirdə Bilik Fondu və Şirvan Şəhər Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənədi Fondun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və mərkəzin direktoru Aynur Fərzəliyeva imzalayıblar.
Bilik Fondunun Şirvan rayonu üzrə nümayəndəsi Çingiz Şirəliyev yerli əhalinin təmsil etdiyi qurumun maarifləndirici layihələrinə həvəslə qatıldığını bildirib, bundan sonra da sosial sifariş əsasında müxtəlifyönümlü maarifləndirici tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Yekun tədbir Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdə keçirilib. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı və mətbuat katibi Ceyhun Musaoğlu şagird və müəllimlərə Bilik Fondunun maarifləndirici layihələrindən danışıblar. "Qardaşlaşmış məktəblər", "Yazmağı bacaracaqsan", "İmzalı görüş", "Ev kitabxanası" və digər layihələr dinləyicilərin marağına səbəb olub. Tədbirdə Bilik Fondunun fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.