Nazir Şabran rayonunda vətəndaşları qəbul edib Hadisə

Nazir Şabran rayonunda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qəbuldan əvvəl S.Babayev və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görüşdə vətəndaşlar əsasən sosial təminat və tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra müraciətlər sorğu xarakterli olub və vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilib. Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Nazir ölkəmizin bütün bölgələrində, o cümlədən Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini, son iki ildə bu beş rayonda 30-dan çox fərdi evin inşa etdirilərək həmin vətəndaşlara təqdim olunduğunu deyib. Qəbulda S.Babayevin göstərişi ilə bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq, yaşadıqları ərazidəki müəssisələrdə vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına və peşə hazırılığına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Nazir dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə artıq başlandığını qeyd edərək bildirib ki, Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında da bu il ötən illə müqayisədə 6 dəfədən çox olmaqla 500 nəfər özünüməşğulluq proqramına cəlb edilib.
Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb. S.Babayev nazirliyin Xaçmaz rayonundakı Əlillərin Regional Bərpa Mərkəzində il ərzində 250 nəfərədək əlilliyi olan şəxsə xidmət göstərildiyini, bir çox reabilitasiya müəssisələrində aparılan əsaslı təmir işlərinin qarşıdakı dövrdə həmin Mərkəzi də əhatə edəcəyini bildirib. O, eyni zamanda, nazirliyin sifarişi əsasında Quba rayonunda günərzi qayğı və Xaçmaz rayonunda icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyini, sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan 100-dək uşağın həmin mərkəzlərdə reabilitasiya xidmətləri ilə təmin olunduqlarını diqqətə çatdırıb.