“Bakı Metropoliteni” yeni ünvana köçür Hadisə

“Bakı Metropoliteni” yeni ünvana köçür

QSC-nin dövlət qeydiyyatından keçirilməsi üçün sənədlər hazırlanır

Nazirlər Kabineti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar, ləcə də "Bakı Metropoliteni"nin nizamnamə və strukturu dünən Nazirlər Kabinetinin rəsmi internet səhifəsində yerləşdirilib.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC bu il fevralın 27-də prezident İlham Əliyevin sərəncamı əsasında, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. Bakı Metropolitenin və "Azərtunelmetrotikinti"nin bütün hüquq və öhdəlikləri, habelə əmlakı "Bakı Metropoliteni" QSC-yə keçib.
"Bakı Metropoliteni" QSC-nin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin nizamnamə kapitalı 1 milyard 770 milyon 950 min manatdan çoxdur, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 14 manat 14 qəpik olan 125 milyon 244 mindən çox adi səhmdən ibarətdir.
"Bakı Metropoliteni" QSC-nin kollegial icra orqanı İdarə Heyətidir. İdarə Heyətinin tərkibi 5 nəfərdən - "Bakı Metropoliteni"nin sədrindən və 4 sədr müavinindən ibarətdir. İdarə Heyətinin işinə "Bakı Metropoliteni" QSC-nin sədri rəhbərlik edir.
"Bakı Metropoliteni" QSC-nin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsini Azərbaycan prezidenti həyata keçirir.
"Bakı Metropoliteni" QSC-nin strukturu QSC-nin aparatından, törəmə müəssisələrindən və QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlardan ibarətdir.
"Bakı Metropoliteni"nin törəmə müəssisələri bunlardır:
1 saylı Tunel Tikinti İdarəsi; 2 saylı Tunel Tikinti İdarəsi; 3 saylı Tunel Tikinti İdarəsi; Xüsusi Tamamlama İşlər İdarəsi; Xüsusi Hidrotexniki İşlər İdarəsi; Dəmir Beton Konstruksiyalar Zavodu; Mexanikləşdirmə İdarəsi; Avtonəqliyyat Müəssisəsi; "Bakımetrolayihə" İnstitutu; Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi; İstehsalat Texniki Komplektləşdirmə İdarəsi.
"Bakı Metropoliteni" QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar bunlardır: Hərəkət Xidməti; Yol Xidməti; Tunel Qurğuları Xidməti; Elektrik Təchizatı Xidməti; İşarəvermə və Rabitə Xidməti; Elektromexanika Xidməti; Əsaslı Təmir Xidməti; Depolar üzrə iş Departamenti; Birləşmiş emalatxanalar; Avtomotonəqliyyat Xidməti; "Bakı Metropoliteni"nin Sağlamlıq Mərkəzi.
"Bakı Metropoliteni" QSC-nin sözçüsü Nəsimi Paşayev "Media forum"saytına bildirib ki, QSC-nin dövlət qeydiyyatından keçirilməsi üçün sənədlər hazırlanır: "Yeni işçilər qurum qeydiyyatdan keçəndən sonra təyin olacaq. Ona kimi işə qəbul olunma və ya işçilərin işdən azad olunması ilə bağlı heç bir proses həyata keçirilməyəcək. Qurumun sədr müavinlərini isə, bəlli olduğu kimi, prezident İlham Əliyev təyin edəcək".
Onun sözlərinə görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yeni ünvana köçəcək. Belə ki, Bakı Metropoliteni ləğv olunana qədər metronun "Elmlər Akademiyası" stansiyasında, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 33 a ünvanında fəaliyyət göstərib. "Bakı Metropoliteni" QSC yaradılandan sonra da yeni qurum burada fəaliyyətini davam etdirməkdədir. Hazırda QSC-nin "28 May" metro stansiyasının ikinci çıxışının üstündəki 10 mərtəbəli binaya, Mikayıl Rəfili küçəsi, 20 ünvanına köçürülməsinə hazırlıq görülür: "Bina yenicə təmir olunub. Həmin bina əvvəllər texnoloji korpus adlanıb və demək olar ki, indiyədək oranın yalnız bir-iki mərtəbəsindən istifadə edilib. "Bakı Metropoliteni" QSC artıq böyük qurum olduğu üçün bundan sonra bütövlükdə QSC-nin rəhbərliyi - İdarə Heyəti həmin binada fəaliyyət göstərəcək. Hazırda yeni binaya köçmək ərəfəsindəyik".