Ali Məhkəmədə könüllülərin qeydiyyatı aparılır Hadisə

Ali Məhkəmədə könüllülərin qeydiyyatı aparılır

Bu ilin fevralından Azərbaycan Respublikası Ali Məhkəməsində fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 100 könüllünün qəbulunun nəzərdə tutulduğu "Könüllülər proqramı"na qoşulan gənclər fəaliyyət göstərdikləri müddətdə yeni bilik və bacarıqlar qazanacaq, dünyagörüşlərini daha da artıracaq, hüquq sahəsində öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər.
Əsasən hüquq fakültələrində oxuyan və hüquq sahəsində işləyən könüllülərin Ali Məhkəmədə fərdi inkişafına hesablanmış müxtəlif treninq və seminarlar keçiriləcək. Onlar Ali Məhkəmənin ayrı-ayrı şöbələrində təcrübə keçəcək, hakimlərin iş təcrübəsini öyrənəcək, eyni zamanda, "Elektron məhkəmə" sistemi ilə yaxından tanış olacaqlar.
Könüllü olmaq istəyən gənclərin həvəsi və onlarda çalışdığı qurumu layiqincə təmsil etmək arzusu olmalıdır. Belə gənclərin xarici dil bilməsi arzu edilir. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar müzakirə olunur və könüllü gənclər həmin seminarda iştirak edəcəklər. Könüllülərlə birgə işbirliyi Ali Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin, eləcə də təqdim edilən dövlət xidmətlərinin tərkib hissəsidir. Proqrama qoşulmaq istəyənlər [email protected] elektron ünvanına məktub yaza və ya Ali Məhkəmənin internet səhifəsində (supremecourt.gov.az) "onlayn müraciət" keçidinə daxil olaraq müraciət edə və qeydiyyatdan keçə bilərlər.