Almaniyalı alimlər eradan əvvəl V əsrə aid tapıntıları tədqiq edirlər Hadisə

Almaniyalı alimlər eradan əvvəl V əsrə aid tapıntıları tədqiq edirlər

2013-cü ildən başlayaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinin Ön Asiya Arxeologiyası İnstitututu Şəmkir rayonunun Qaracəmirli kəndində və ətraf ərazilərdə arxeoloji araşdırmalar aparırlar. Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiya tərəfindən Qaracəmirli kəndinin ərazisində aşkar olunan eradan əvvəl V-IV əsrlərə aid sarayda arxeoloji tədqiqatlar davam etdirilir, həmçinin Şəmkir rayonu ərazisindəki digər yeni abidələrin qeydiyyatı və həmin abidələrdə əsasən kəşfiyyat xarakterli qazıntılar həyata keçirilir.
Bu abidələrin kompleks şəklində öyrənilməsi, Şəmkir rayonundaki arxeoloji abidələrdən aşkar olunmuş materiallarla tanışlıq və onların analizi məqsədilə Beynəlxalq Şəmkir-Qaracəmirli ekspedisiyasının rəhbəri Emil İsgəndərov, Münhen Lüdviq-Maksimilian Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun Mədəni tədqiqatlar fakültəsinin Antik və müasir mədəniyyətlər departamentinin əməkdaşı, doktor Kai Kaniyut və departamentin elmi işçisi Mişaila Şauer AMEA Arxeologiya Etnoqrafiya İnstitututunun Arxeoloji fondunda birgə araşdırmalar aparırlar.
Alman arxeoloqların bildirdiklərinə görə, Şəmkir ərazisindəki abidələrdən aşkar edilmiş keramika nümunələri onların gətirdikləri müasir portativ rentgen-flüorestsens spektrometr cihazları vasitəsilə tədqiq edilir. Cihazlar imkan verir ki, Azərbaycanın qədim əhalisinin keramika istehsalının texnologiyası barədə dəqiq və müfəssəl məlumatlar əldə edilsin.
Beynəlxalq ekspedisiyanın rəhbəri Emil İsgəndərovun bildirdiyinə görə, müasir arxeoloji tədqiqatların səviyyəsi arxeometrik araşdırmaların nəticələri ilə ölçülür. Almaniyalı həmkarların tədqiqatları Azərbaycan arxeologiyasının nailiyyətlərinin dünyada tanınması baxımından əhəmiyyətlidir.