Ən uca mərtəbədə təltif olunanlar... Hadisə

Ən uca mərtəbədə təltif olunanlar...

Şəhid hərbçilərin medalları ailələrinə təqdim olunub

Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağrılmış və ermənilərlə döyüşdə şəhid olmuş əsgər Abdulov Hüseyn Etibar oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.
APA-nın xəbərinə görə, ötən gün fəxri medal şəhidin atasına təqdim edilib.
Salyan rayonundan hərbi xidmətə çağrılmış və ermənilərlə döyüşdə şəhid olmuş əsgər Səftər Məmmədovun da ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub. Medal şəhidin atası Əlihüseyn Məmmədova verilib. Şəhidin valideynləri övladı ilə fəxr etdiyini bildirib.
Şəhid olan digər hərbçi, Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov da ölümündən sonra "Həqiqi hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla" təltif edilib. Quba rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin qatıldığı tədbirdə Müdafiə Nazirliyinin hüquq şöbəsinin müdiri Rauf Kişiyev medalı şəhidin atasına təqdim edib.
Son günlər cəbhədə baş verən döyüşlərdə şəhid olmuş Elçin Əhmədovun təltif olunduğu medal da atasına verilib. Qax şəhərində doğulub, boya-başa çatan, avqustun 1-dən 2-ə keçən gecə cəbhənin Ağdam-Ağdərə istiqamətində ermənilərlə döyüşdə şəhid olan kiçik gizir Elçin Rasim oğlu Əhmədov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib. Medal Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abakər Mirzəyev tərəfindən şəhidin atası Rasim Əhmədova təqdim edilib.
İyulun 31-də qoşunların təmas xəttinin Ağdam istiqamətində düşmənin həmləsini dəf edərkən həlak olan müddətdən artıq xidmət edən Əhmədov Qaryağdı Eldar oğlunun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən şəhidin valideynlərinə təqdim edilib.
Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimov da müdafiə naziri Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.
Bu münasibətlə şəhidin doğulduğu Masallı rayonunun Köçəkli kəndində medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə respublika Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər səlahiyyətli qurumların nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri, ağsaqqallar və ziyalılar iştirak ediblər. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani şəhid Əli Rəhimovun təltif olunduğu medalı onun qardaşı Zakir Rəhimova təqdim edib. Zakir Rəhimov vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, özünün və bütün ailə üzvlərinin daim vətənin müdafiəsinə daim hazır olduğunu, qardaşının şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini bildirib.
Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə avqustun 3-də "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, 12 hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə " 3-cü dərəcəli medal ilə təltif ediliblər. Müdafiə nazirinin göstərişinə əsasən, avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi ilə bağlı mərasimlər təşkil edilib.
Xatırladaq ki, Z. Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər:
1. Gizir Almazov İsə Ziyad oğlu
2. Gizir Əliyev Pərvin Səlahəddin oğlu
3. Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu
4. Kiçik gizir Əhmədov Elçin Rasim oğlu
5. MAHHXQ əsgər Quliyev Sənan Qeyrət oğlu
6. MAHHXQ əsgər Əhmədov Qaryağdı Eldar oğlu
7. Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu
8. Əsgər Rəhimov Əli Fətulla oğlu
9. Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu
10. Əsgər Abdulov Hüseyn Etibar oğlu
11. Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu
12. Əsgər Poladov Vüqar Hidayət oğlu