Jurnalistlər döyüşmək istəyirlər Hadisə

Jurnalistlər döyüşmək istəyirlər

Elman Cəfərli: "Öləcək qədər yaşlı, savaşacaq qədər gəncik"
Nahid Canbaxışlı: "Müharibənin ən odlu-alovlu dövründə könüllü olaraq cəbhəyə getmişəm"

Azərbaycanda yüzlərlə şəxs, o cümlədən xaricdə yaşayan azərbaycanlılar könüllü olaraq cəbhədə döyüşmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, son dövrlər ictimaiyyət tərəfindən Müdafiə Nazirliyinə, Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstək var: "Orduya, cəbhə bölgəsində döyüşlərə qatılmağa can atan həddindən çox könüllü var. Müxtəlif şəhər və rayonlardan Qarabağ müharibəsi veteranları məktubla müraciət edərək ön xəttə getmək istədiklərini ifadə ediblər. Hətta xaricdə yaşayan azərbaycanlılar da Müdafiə Nazirliyinə müraciət edib orduya çağırılmalarını istəyirlər. Təkcə Rusiyanın Komi Respublikasının Uxta şəhərindən bizə zəng edib deyirlər ki, 60 nəfər azərbaycanlı adbaad gəlib Ordunun tərkibində döyüşmək istəyirlər. Bunların hamısı çox müsbət haldır. Amma hal-hazırda Silahlı Qüvvələrimizin buna ehtiyacı yoxdur". Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, onlara müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmək üçün hərbi hissələrə müraciət etmələri tövsiyə olunur. Çünki hazırda Silahlı Qüvvələrimiz silah-sursat və texnika, döyüş əzmi baxımından düşməni yerində oturtmağa, torpaqlarımızı azad etməyə hazırdırlar, düşmənin istənilən hərəkəti isə nəzarət altındadır. Vaqif Dərgahlı həmçinin qeyd edib ki, yerli təşkilatlar, eləcə də ictimaiyyət tərəfindən Müdafiə Nazirliyinə çoxsaylı telefon zəngləri edilir. Onlar KİV-lərdə döyüşlərin gedişi, cəbhəyanı ərazilərdəki vəziyyət barədə gedən yanlış məlumatlara etirazlarını bildirirlər. Xidmət rəhbəri onu da əlavə edib ki, digər dövlətlərdən, xüsusən qardaş Türkiyədən, onların Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusuna böyük mənəvi dəstək gəlir, şəhid ailələrinə başsağlığı verilir, yaralılara şəfalar dilənir, Silahlı Qüvvələrimizlə həmrəy olduqları bildirilir.
Qeyd edək ki, idmançılarımız da cəbhədə döyüşmək istədiklərini bildiriblər. Xatırladaq ki, Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclərin dünya çempionatı davam edir. Çempionatın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, ilk yarış günündə güləşçilərimiz 3 qızıl medal, ikinci yarış günündə isə 2 qızıl və 1 gümüş medal qazanıblar.
Yarışların gedişində güləşçilərimiz 4 dəfə Ermənistan təmsilçiləri ilə qarşılaşıb və bütün görüşləri qələbə ilə başa vurub. Çempionatın ikinci günündə erməniləri məğlub edən güləşçilərimiz keçirilən görüşlər və çempionat haqqında fikirlərini bölüşüb.
Ruhin Mikayılov: "Dünya çempionatında zəif rəqib olmur. Qarşılaşdığım erməni rəqib bir ay bundan əvvəl Avropa çempionu olmuşdu və bütün rəqiblərini böyük hesabla üstələmişdi. Məşqçilər və federasiya rəsmilərinin dəstəyi ilə görüşə psixoloji cəhətdən yaxşı hazırlaşdım. Görüşün gərgin keçəcəyini bilirdim. Qələbə qazandığıma görə ikiqat sevincliyəm. Çünki mən və komanda yoldaşlarım bu qələbələrlə son günlər Dağlıq Qarabağda baş verən hadisələrdə şəhid olan əsgərlərimizin az da olsa qisasını almış olduq. Biz güləşçi olaraq sözümüzü bu gün idman arenasında deyirik. Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin əmri ilə əlimizdə silah vuruşmağa hazırıq".
Bəs həmkarlarımız necə, döyüşə hazırdırlarmı?
Jurnalist Elman Cəfərli bildirdi ki, torpağı işğal altında olan kişi döyüşə hazır olmalıdır: "Mən psixoloji cəhətdən hərbi xidmətə, səhra şəraitinə hazıram. Öləcək qədər yaşlı, savaşacaq qədər gəncik. Hər sabah cihadı vurduq alnımızın çatına, şəhadəti qoyduq duamızın başına. Savaşa hazır, şəhadətə talibik"!
Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı dedi ki, Qarabağda müharibənin ən odlu-alovlu dövründə könüllü olaraq cəbhəyə gedib: "Özüm könüllü müharibəyə getmişəm. 1992-ci ilin sentyabını 6-da Füzuli rayonunun Divanalılar kəndindən hücuma keçən zaman yaralanmışam. Aldığım yara ağır olduğundan uzun müddət yataqda qalmışam. 1994-cü ildə hələ ulu öndər Heydər Əliyev Haxçıvan Ali Məclisinin sədri olan zaman birbaşa onun göstərişi ilə Ankara Dövlət Xəstəxanasına uzun müddət müalicə olunmuşam. Sağ ayağımda 8 plastik damar qoyulub. Amma bunlar əsas deyil. Vətən çağırırsa, yağı düşmən susdurulmalıdırsa o zaman bizə burda oturub səfa çəkmək yaraşmaz. Vətən sənin, mənim, hamımızındır. Ona görə də Vətənin qorunması üçün səbəb axtarmaq olmaz. Mən hamıdan öndə gedənlərdən olacağam. Buna kimsənin şübhəsi olmasın. Bu gün sosial şəbəkələrdə ağzına dovşan girməyənlər çoxalıb, bunlar olsa-olsa Qarabağa deyil, Qaradağa qədər gedərlər. Mən belələrini çox görmüşəm. Elə baz-burktlu oğullar vardı ki, silahı atıb Bakıya qaçıb qadın alt paltarı satırdı. Elələri də vardı ki, qranatın kapsulunu əlində partladırdı ki, onu cəbhdən göndərsinlər. Ancaq Qubalı Əfqan, Səlyanlı Böyükkişi, Xocavəndli Rövşən (Rembo) kimi oğullarda vardı. Allah adların çəkdiyim hər üç şəhidimizə rəhmət eləsin. Hələ də onların ölün anları gözümün qarşısındadı. Facebookda olan bəzi yaşmaqlı kişilərdən fərqli olaraq mən hazıram. Çünki, o yurdun hər qarışına bələdəm".
"Binəqədi" qəzetinin redaktoru Siyavuş Əmirli "mən həmişə döyüşməyə hazıram və hazır olmuşam",- deyə vurğuladı: "Ən böyük arzum Qalib ordunun əsgəri kimi Laçına Azərbycan bayrağını sancmaqdır. İstənilən vaxt Torpaqlarımızın müdafiəsi, azadlığı uğrunda öldürməyə və ölməyə hazıram".
"Palitra" qəzetinin redaktoru İlkin Ağayev dedi ki, ehtiyatda olan zabitdir: "Əslində bir zabit kimi normal vaxtdan 3 ay çox - 1 il doqquz aya yaxın həqiqi hərbi xidmətdə olmuşam. Motoatıcı tağım və bölük komandiri vəzifələrində olmuşam. Hesab edirəm ki, indi də hərbçi olmaq üçün döyüş və komanda vermək qabiliyyətimi itirməmişəm. Vətənə nə zaman bir hərbçi kimi lazım olaramsa, məmnuniyyətlə könüllü olaraq orduya yazılaram. Bunu çox istərdim. Əslində səmimi deyim ki, yenidən həqiqi hərbi xidmətə çağırılmağım və zabit kimi əsgərlərimlə bir yerdə xidmət etməyimlə bağlı tez-tez yuxular görürəm. Arzu edərdim ki, bu yuxum çin olsun".
Publika.az saytının redaktoru Vasif Həsənli bildirdi ki, başqaları haqqında bir söz deyə bilmərəm: "Ancaq mən Ali Baş Komandanın əmri olan kimi döyüşə hər an hazıram. Müharibə başladığı təqdirdə könüllü şəkildə döyüşə yollanacam".

Əli