Bakıda daha bir avtobus qəzası Hadisə

Bakıda daha bir avtobus qəzası

Sərnişin avtobusu aşıb, iki nəfər ölüb, 10 nəfər xəsarət alıb

Dünən Bakıda avtobus qəzası baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə tikilməkdə olan Olimpiya Stadionu qarşısında qeydə alınıb.
148 saylı xətt üzrə hərəkət marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü, 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəza nəticəsində xəsarət alanlardan daha bir nəfər - naməlum kişi xəstəxanada dünyasını dəyişib. Avtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 52 yaşlı Dilarə Alagözova, 27 yaşlı Roman Hacıyev, 21 yaşlı Ayşən Eminova, 43 yaşlı İlahə Babayeva, 19 yaşlı Fuad Kazımov və 17 yaşlı Cəmilə Şükürlü müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olublar.
Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.