Test imtahanından müvəffəqiyyətlə keçən şəxslərin sertifikat almaq üçün qeydiyyatı davam edir Hadisə

Test imtahanından müvəffəqiyyətlə keçən şəxslərin sertifikat almaq üçün qeydiyyatı davam edir

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün yanvarın 25-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikat əldə etmək üçün qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, namizədlər fevralın 7-si saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda);
-ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Xatırladaq ki, DİM tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirilmiş test imtahanında 69 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA4 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 9 nəfər, AC4 altqrupu üzrə 9 nəfər olmaqla, ümumilikdə 24 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.