Xaçmazda ağır yol qəzası Hadisə

Xaçmazda ağır yol qəzası

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı dünyasını dəyişib

Ötən gün gecə saatlarında Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 19-cu km-də Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı "KİA" markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra "KİA"nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını "KİA" ilə toqquşub.
Qəza nəticəsində "KİA"da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
"Garant Holding"dən APA-ya bildirilib ki, hadisə zamanı dünyasını dəyişən Günay Ələsgərova holdinqin Müşahidə Şurasının üzvü Emil Ələsgərovun həyat yoldaşıdır. O, eyni zamanda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.