Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik etdi Hadisə

Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik etdi

“Azercell Telekom” MMC Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı olaraq 8 mart Beynəlxalq qadınlar günü münasibətilə idmançı qadınların simasında bütün xanımları təbrik edib.
Öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşabiləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur; inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir. Azercell bu günə və bu mövzuya özəl Milli Olimpiya və Paralimpiya Komandasının atletləri olan Afaq Sultanova, Elnarə Abbasova, İlahə Qasımova və Vüsalə Kərimovanın iştirakı ilə videoçarx hazırlayıb. Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya bu layihə haqqında danışarkən aşağıdakıları söyləyib:
“İllər ərzində qadınların necə görünməli, necə davranmalı, hansı xüsusiyyətlərə malik olmalı mövzusunda rəyləri çox eşitmişik, bu mövzu müxtəlif məşhurlar, qurumlar tərəfindən mütəmadi olaraq gündəmə gətirilib. Ən çox da həyatını idmana həsr edən qadınlar bu stereotiplərlə qarşılaşıb. Lakin bizim Milli Olimpiya Komitəsilə məğrur tərəfdaşlığımız, idmançı qadınlarla ünsiyyət bizə onların qəhrəmanlığı, məqsədyönlü olması ilə yanaşı, eyni zamanda gözəl xanım, fədakar ana, uğurlu qadın olduqlarını yaxından müşahidə etmək imkanı yaratdı və bu videoçarxı çəkməyə həvəsləndirdi. Qadın atletlərimizin simasında bütün Azərbaycan xanımlarına həyat məqsədlərinə, arzularına yetmələri üçün kifayər qədər cəsarətli, güclü və xoşbəxt olmağı arzu edirik!”
Qeyd edək ki, bu günədək ölkədə sosial rifahın artırılmasına, digər sahələrlə yanaşı idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə yönəlik layihələr həyata keçirən Azercell şirkəti ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi arasında fevral ayının 28-i əməkdaşlıq haqqında Memorandum imzalandı. Şirkət 2021-ci ilin sonunadək Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunlarında Milli Olimpiya Komandasının məğrur tərəfdaşı kimi çıxış edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz