Baş epidemioloq: İzolyasiya tədbirlərinin tətbiqi ölkədə epidemioloji vəziyyətin gərginləşməsinin qarşısını alacaq Hadisə

Baş epidemioloq: İzolyasiya tədbirlərinin tətbiqi ölkədə epidemioloji vəziyyətin gərginləşməsinin qarşısını alacaq

Azərbaycanda koronavirusa görə bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarın verilməsi çox düzgün addımdır.

Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi dövlət üçün ən vacib və prioritet məsələdir:

"Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Vaxtında verilmiş bu qərarın icrası ölkədə epidemioloji vəziyyətin gərginləşməməsinə, xəstəliyin insanlar arasında yayılmamasına imkan verəcək. Bu qərarın icrası vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsinə və hazırkı qlobal problemin təsirindən müdafiəsinə yönəlib".

İ.Ağayev əlavə edib ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə belə bir tədbirin həyata keçirilməsi olduqca vacib idi.

Baş epidemioloq tətbiq olunan qaydaların təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyduğunu da nəzərə çatdırıb.

O hesab edir ki, tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsi olduğu üçün tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaş qaydaların icrasında maksimal şəkildə diqqətli və məsuliyyətli olmalıdır.