96 il əvvəlin tarixi Hadisə

96 il əvvəlin tarixi

Fətəli xan Xoyski: "Millət Sizə minnətdardır"

Arzu Şirinova

1918-ci il 15 sentyabr - Bakının erməni qəsbkarlarından qurtuluşu günüdür. Həmin tarixdən 96 il keçir.
XIX əsrin əvvəllərindən başlayaraq erməniləri dəstəkləyən Rusiya imperiyası onların dövlət yaratmaq arzularının həyata keçirmələrinə yaxından kömək edirdi. Birinci dünya müharibəsinin qızğın vaxtında rus çarı II Nikolay Fransa səfiri ilə söhbətində ermənilərə "ən azı muxtariyyət verəcəyini" bildirib və öz vədinə sadiq çıxaraq, 1917-ci il yanvarın 11-də Türk Ermənistanı haqqında dekret imzalayıb. 1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər rus çarı II Nikolayın əksər qərarlarını tanımasalar da onun "Türk Ermənistanı haqqında" dekretini 1917-ci il dekabrın 27-də tanıdılar. 1917-ci il dekabr ayının 16-da V. İ.Lenin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdi. O, Bakıda bolşevik hərəkatına rəhbərlik etməyə və bununla bərabər Azərbaycanda yerli türk-müsəlman əhalisinə hər hansı muxtariyyata nail olmağa yol verməmək və nəticədə "Türk Ermənistanı dekreti"ni həyata keçirmək kimi tarixi vəzifəsini yerinə yetirmək üçün göndərilmişdi. 1918-ci ilin martında Brest-Litovsk sazişindən sonra bolşevik Rusiyasının Qarsı, Batumu və Ərdəhanı Türkiyə torpaqları olaraq qəbul etmələri bu dekretin tətbiq olunduğu ərazini dəyişdi. Türkiyə 1918-ci ilin mart-aprel aylarında Ərdəhan, Qars və Batum torpaqları üzərində öz siyasi dövlət quruluşunu bərpa etdi.

xxx

Anadoludan rüsvayçılıqla qovulmuş Qafqaz rus ordusu tərkibində türklərə qarşı döyüşən erməni hərbi birləşmələri Cənubi Qafqazın qədim türk-müsəlman əhalisi yaşayan İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında ərazi iddiaları irəli sürərək təcavüzə başladılar. Bununla bərabər, bolşevik Rusiyasına arxalanan və Moskvada güclü dəstəyi olan ermənilər Bakı quberniyasını Azərbaycandan və xüsusilə dünya neft istehsalının mərkəzi olan Bakı şəhəri və onun neft istehsal edən bölgələrini Azərbaycandan ayırmaq və erməniləşdirilmiş müstəqil bir vilayət şəklində Rusiya tərkibinə daxil etmək barədə planları vardı. Bolşeviklərin ermənilərlə birgə siyasəti hələ Şaumyanın rəhbərliyi altında təşkil olunmuş Bakı kommunası dövründən üç vəzifədən ibarət idi: 1) Bakının milliyyətcə türk-müsəlman əhalisini qırıb azaltmaq və didərgin salmaq yolu ilə yox etmək; 2) Bakını faktiki və hüquqi olaraq Azərbaycandan ayırmaq; 3) Bakını erməniləşdirmək. Rusiyanı Cənubi Qafqaz siyasətinin iflasa uğrayacağı ilə qorxudan Şaumyan deyirdi ki, Bakı Azərbaycanın paytaxtı elan olunsa "Cənubi Qafqaz Rusiya üçün itirilmiş olar". Şaumyanın qəddarlığı və erməni xəstəliyinə tutulduğu ondan görünürdü ki, o, "ancaq sovet hakimiyyətini qəbul edən müsəlmanların təhlükəsizliyini təmin edə biləcəyini bəyanlayırdı". Bakı kommunasının daxili işlər komissarı A.Caparidze öz vəzifə borcunu yerinə yetirmək əvəzinə söyləyirdi: "Əgər müsəlmanların mənə inandığına əmin olsaydım onlara yardım edərdim". Şaumyan məqsədini gizlətməyərək deyirdi ki, biz 1918-ci ildə düşünülmüş şəkildə milli qırğına getdik, "əgər Müsavat qalib gəlsəydi, Bakı Azərbaycanın paytaxtı elan olunacaqdı". 1918-ci ildə Rusiyanın xarici işlər komissarı Q.V.Çeçerin rəsmi toplantıların birində "Bakı qəzasının həmişəlik olaraq Rusiyada qaldığı"nı bəyan etdi. Bu, Azərbaycanın Xəzər dənizi sahillərindən tamamilə məhrum olması demək idi.

xxx

Siyasi vəziyyətin ağırlığını başa düşən Gəncə şəhərində yerləşmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə və xarici işlər naziri Hacıniski 1918-ci il iyunun 4-də Osmanlı imperiyası ilə dostluq müqaviləsi imzaladılar. Bu müqavilə Azərbaycan dövlətinin beynəlxalq aləmdə təsdiq olunması və Azərbaycan türk millətinin müstəqilliyinin ərazi bütövlüyünün qorunub saxlanılmasında zəruri addım idi. 1918-ci il iyun ayının 11-də Gəncə şəhərində erməni silahlı dəstələrinin tərki-silah edilməsilə başlanan hərbi əməliyyat, həmin ildə sentyabr ayının 15-də Bakı şəhərinin azad edilməsilə başa çatdı. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyski 1918-ci il sentyabrın 15-də Bakının azad olunması münasibətilə Qafqaz İslam Türk Ordusu komandanı Nuru Paşaya teleqramında yazmışdı: "Millət Sizə minnətdardır".

xxx

1918-ci ilin mayında öz azadlığına qovuşmuş Cənubi Qafqazın türk-müsəlman əhalisi və yeni yaranmış Azərbaycan hökuməti mübahisəli sərhəd məsələlərini siyasi yolla həll etməyə çalışırdı. 1918-ci ilin mayında keçirilmiş Batum konfransının nəticəsi kimi üç yeni yaranmış respublikalar arasında müqavilə imzalandı. 1918-ci il mayın 29-da tarixən Azərbaycanın ərazisi olmuş İrəvan şəhəri paytaxt olmaqla 10 min kv. km. ərazi yeni yaradılan Ararat (Ermənistan) respublikasının ərazisi kimi müəyyənləşdirildi. Lakin Azərbaycan tərəfindən irəli atılan bu xeyirxah addım erməniləri daha da şirnikləndirdi. Onlar "Böyük Ermənistan" ideyasını reallaşdırmaq üçün əlverişli məqam olduğunu sanaraq Azərbaycana qarşı daha geniş ərazi iddiaları irəli sürdülər. Tarixən Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur ərazilərinə iddia edən erməni daşnakları, eyni zamanda bu torpaqlarda etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar. Zəngəzur, Naxçıvan və Qarabağda yaşayan dinc əhali Andronik, Dro, Ncdenin quldur dəstələrinin məqsədyönlü soyqırımına məruz qaldılar. 1918-1920-ci illərdə yeni yaradılmış Ararat respublikası ərazisində etnik təmizləmə nəticəsində 575 min türk-müsəlman yaşamışdısa, 1922-ci ildə onların sayı azalaraq 10 min nəfərə endi.
Qarabağın dağlıq hissəsində kök salmış erməni daşnaqları 1918-ci ilin iyul və sentyabr aylarında keçirdikləri qurultayda bu mahalın müstəqilliyini elan etdilər. Zəngəzurun bir hissəsində möhkəmlənən Andronik burada "paytaxtı Gorus olmaqla" erməni qubernatorluğu təşkil etdi. Sonradan "paytaxtı Şuşa olacaq", "kiçik Ermənistan" dövlətini yaratmağa çalışdı. Azərbaycan ərazisinə torpaq iddialarına və orada yaşayan yerli türk-müsəlman əhalisinə qarşı erməni-daşnaklarının təcavüzünün qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1919-cu il 15 yanvar tarixli iclasında Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə general-qubernatorluq yaradılmasını qərara aldı. Müvəqqəti olaraq yaradılmış general-qubernatorluğa fövqəladə səlahiyyətlər verildi. Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru vəzifəsinə təsdiq olundu. Azərbaycan hökuməti Nazirlər Şurasının 1919-cu il 28 fevral tarixli qərarı ilə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar bölgələrinin müvəqqəti general-qubernatorluğu təşkil olundu. Bəhram xan Naxçıvanski general-qubarnator, Kərim xan İrəvanski və Hacı Mehti Bağırov isə onun köməkçiləri təyin olundular.

xxx

Qarabağda olan daşnak erməni təşkilatları müvəqqəti siyasi dövr üçün yaradılmış Qarabağ general-qubernatorluğuna etiraz olaraq 1919-cu il aprel ayında keçirdikləri beşinci qurultayında Azərbaycana qarşı münasibətlərini müzakirə edib, daşnak ünsürlərinin təzyiqi altında Azərbaycan hökumətilə əlaqəsi olan hər hansı bir dövlət idarəçiliyini qəbul etməyəcəkləri barədə qərar verdilər.
Erməni daşnaklarının Azərbaycanın ərazisinə qarşı olan iddiaları hərbi təcavüzə çevrilirdi. Erməni təcavüzünün qarşısını almağa gücü çatmayan Azərbaycan kəndlərinin əhalisi yurdlarını tərk etməyə məcbur olurdular. 1919-cu ilin oktyabr ayında ermənilər Zəngəzurun 110 böyük türk-müsəlman kəndlərini məhv etdilər. Bu kəndlərin sakinlərini qırmış, qaçqın düşmüş 60 minə yaxın əhali Qarabağa pənah gətirdilər. Ermənilər Dilicandan 7 min, İrəvan quberniyasının Yeni Bəyazid qəzasından Zəngəzura xeylı silahlı qüvvə gətirdilər. Qarabağı ələ keçirmək üçün çoxsaylı erməni silahlı dəstələri yola düşdü. 1919-cu il noyabrın 23-də Tiflisdə imzalanmış sülh sazişinə görə Azərbaycan və Ermənistan hökumətləri öz qoşunlarını Zəngəzurdan geri çəkməli idilər. Azərbaycan hökuməti müqaviləyə əsasən öz hərbi qüvvələrini Zəngəzurdan çıxarsa da, Ermənistan öz hərbi qüvvələrini nəinki geri çəkmədi, əksinə daha da gücləndirdi. Sülh sazişi imzaladıqdan təxminən iki ay müddətdə Zəngəzurun daha 40 kəndi talan edilib sakinləri qətlə yetirildi.
Bəli, Sovet Rusiyası Azərbaycan Xalq Cumhuriyyətinə qarşı fitnəkar bir siyasət apardı. Rusiya ermənilərin torpaq iddialarını daha da qızışdırmaqla onları Zəngəzur və Qarabağda Azərbaycan dövlətinə qarşı müharibəyə təhrik edirdi. Nəticədə Azərbaycan ordusunun böyük bir hissəsi erməni hərbi hissələrinə qarşı Qarabağ və Zəngəzurda döyüşlərə cəlb olunurdu. Azərbaycan ordusu 1920-ci il aprelin sonunadək ölkənin ərazi bütövlüyünü qorumaqla öz vəzifə borcunu şərəflə yerinə yetirdi.

xxx

XX əsrin əvvəllərində Anadoludan yaraqlanıb-yasaqlanıb Qafqazlardan aşaraq özünü Turan elinə çatdıran və bu eli yağılardan, gavurlardan xilas edib özlərinə "əbədi vətən" seçənlərin başında dayanırdı Huru Paşa. XIX əsrin sonu, XX əsrin əvvəllərində dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə cərəyan edən çox mürəkkəb siyasi hadisələr 1914-cü ildə Birinci dünya müharibəsinin başlanmasına, eyni zamanda xalqların milli azadlıq hərəkatının inkişafına səbəb oldu. Həm Anadolu Türkiyəsində, həm də Azərbaycanda çətin siyasi vəziyyət, bir-birini əvəz edən tarixi hadisələr, müharibələr, ağır iqtisadi durum hər iki qardaş xalqı çətin vəziyyətdə qoysa da, onları mənəvi cəhətdən sarsıda, aralarındakı bağlılığı qıra bilmədi. Azərbaycan isə erməni daşnaklarının cinayət poliqonuna çevrildi, 1918-ci il martın 31-də paytaxt Bakıda soyqırımı hadisəsi törədildi. Bu arada Osmanlı Türkiyəsi ağır vəziyyətdə olsa da, qardaş Azərbaycana yardım əlini uzatmağı düşünürdü. Türkiyənin hərbi naziri Ənvər Paşa qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun komandanlığına təyin etdi.
Eyni zamanda Nuru Paşaya general-leytenant hərbi rütbəsi verildi, Sultan Mehmedin Qafqaz məsələləri üzrə yavəri elan olundu. Türkiyənin hərbi nazirinin verdiyi əmr və qərarlara uyğun olaraq general-leytenant Nuru Paşa 1918-ci il fevral ayının sonunda Mosula gəlir, oradan da özü ilə bərabər 20-dən artıq yüksək çinli zabit, 300 hərbçi götürərək Təbriz yolu ilə Zəngəzura yetişir. Lakin Türkiyədən gələn əsgər heyəti və hərbi sursat Batum yolu ilə Azərbaycana yetişə bilmir. Çünki bu hərbi yardım Bakıda bolşeviklərlə gizli danışıqlar aparan gürcü və alman hərbi qüvvələrinin maraqlarına uyğun deyildi. Azərbaycanın istiqlal savaşına yardım etməyi göz önünə almış türk qoşunları alternativ yoldan yararlanaraq hərbi sursat və əsgəri heyəti Qarsdan quru yolla Ermənistana, oradan da Dilican vasitəsilə Qazaxa keçib Ağstafaya gəlirlər.