Bizi birləşdirən ortaq soy-kök, tarix və mədəniyyətdir Hadisə

Bizi birləşdirən ortaq soy-kök, tarix və mədəniyyətdir

Aprelin 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyevin və quruma üzv ölkələrin ABŞ-dakı səfirlərinin iştirakı ilə videokonfrans keçirilib.

Konfrans Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının aprelin 10-da videobağlantı rejimində keçirilmiş fövqəladə Zirvə görüşündə müzakirə edilən məsələlərlə bağlı təşkil edilib. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən görüş koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuşdu.

Videokonfrans zamanı Türk Şurasının baş katibi B.Amreyev görüşün əhəmiyyətini bir daha vurğulayaraq bildirib ki, üzv dövlətlər səhiyyə, nəqliyyat, miqrasiya, informasiya mübadiləsi və iqtisadiyyat sahələrində fəal əməkdaşlıq edirlər. Çıxışlarda COVİD-19 pandemiyasının yaratdığı çətinliklərlə mübarizədə türkdilli dövlətlərin göstərdiyi həmrəylik, qarşılıqlı yardımlar və birlikdə mübarizə üsulları təqdir edilib. Videokonfransda dövlət başçılarının qəbul etdikləri Bakı Bəyannaməsindən irəli gələn əməkdaşlıq sahələrinin daha da inkişaf etdirilməsi və beynəlxalq müstəvidə birgə addımların atılması barədə müzakirələr aparılıb.

Videokonfransda Azərbaycan səfiri Elin Süleymanov, Qazaxıstan səfiri Erjan Kazıxanov, Qırğızıstan səfiri Bolot Otonbayev, Özbəkistan səfiri Javlon Vahabov, Türkiyə səfiri Sərdar Kılıç və Türkmənistan səfiri Meret Orazov iştirak ediblər.

Türkdilli ölkələrin belə çətin bir vəziyyətdə həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bunun ortaq soy-kök, tarix və irs üzərində təşəkkül tapan birlik və bərabərliyimizin bariz nümunəsi olduğunu deyir. “Azərbaycan Prezidenti, Türk Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu nümayiş etdirdi. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlərdir. Çətin zamanda ölkələrimizin bir-birinə əl uzatması da tarixi qardaşlığımızdan irəli gəlir. Zirvə görüşündə də dövlət başçılarımızın çıxışları bunu təsdiqlədi. Təsadüfi deyil ki, həmin görüşdə koronavirus pandemiyası ilə mübarizədə ölkələrimizin həmrəyliyi ilə bərabər, mövcud əlaqələrimizin daha da genişləndirilməsindən söhbət açıldı. O cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında dəmiryolu xəttinin Orta Asiyayadək uzadılmasının vacibliyini vurğuladı. Türk Şurası 11 il əvvəl yaradılıb. Lakin gənc təşkilatın qısa müddətdə böyüdüyünün şahidi oluruq. Bu da Türk Şurasının gələcəyi baxımından önəmli göstəricidir”.