Qadın polislər... Hadisə

Qadın polislər...

Mehriban Zeynalova: "Həbs olunmuş qadının üstünün yoxlanılması, onlarla danışıqların aparılması qadın polisi tərəfindən həyata keçirilməlidir"

Cinayət hadisələrinin bir çox hallarda gizlədilməsi, bəzilərinin ümumiyyətlə üstünün açılmamasının bir səbəbi də orqanlarda qadın polislərin çalışmaması və ya sayının kifayət qədər az olmasıdır. Axı cinayətin şahidi olmuş, zorakılığa məruz qalan qadını qadından başqa kim daha yaxşı anlaya bilər? Cinayətkarın əlində olan uşağın qəlbindəkiləri qadından başqa kim aça bilər? Təəssüf ki, bu qədər vacib sahə mentalitet adı ilə pərdələnir. Polis sıralarında kişilər təmsil olunduğundan məişət zorakılığı baş verdiyi halda qadınlar polisə müraciət etmir. Qadınlar tərəfindən törədilmiş cinayət hadisələrində və digər məqamlarda məhz kişi polislər qadınların üzərində axtarış etməyə, yaxud onlara toxunmağa məcburdur.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanda 2 minə qədər qadın polis əməkdaşı, 800-ə yaxını qadın zabit çalışır. Qadınlar əsasən yetkinlik yaşına çatmayanlarla bağlı işlər şöbəsində işləyirlər. Nazirlik rəsmiləri qadınların polis peşəsinə meyl etməməsinin səbəbbini 24 saatlıq iş rejimi ilə əlaqələndirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirir ki, xanım polislər daxili işlər orqanlarının (DİO) bütün xidmət sahələrində, əsasən də, istintaq, təhqiqat, kadr, pasport, maliyyə, tibb, statistik informasiya, informasiya kommunikasiyası, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili, "102" və "Təhlükəsiz şəhər" xidmətlərində müxtəlif vəzifələrdə, müxtəlif rütbələrdə təmsil olunurlar. Hazırda Azərbaycanın daxili işlər orqanlarında xidmət edən ümumi əməkdaşların 8.4 faizini qadın əməkdaşlar təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Ümumiyyətlə, son 10 ildə daxili işlər orqanlarında (DİO) qadın əməkdaşların sayı ildən-ilə artır.
Hazırda Azərbaycan DİN orqanlarında şəxsi heyətin 3 faizini qadınlar təşkil edir. Yəni, Azərbaycanda 2 minə qədər qadın polis əməkdaşı, 800-ə yaxını qadın zabit çalışır. Bakı Şəhər Baş Polis İdarəsi rəsmilərinin mediaya verdiyi açıqlamalarda qeyd edilib ki, iki polis qarnizonunda 231 qadın əməkdaş çalışır. Onların 35-i polis zabiti, 20-si sıravi və kiçik rəis heyəti, 176 nəfəri isə mülki əməkdaşdır. Onlar istintaq, ictimai təhlükəsizlik, kriminalistika, qeydiyyat, mühafizə kimi məsuliyyətli sahələrdə çalışırlar.
Qeyd edək ki, İslam ölkəsi sayılan İranda, Fələstində, Birləşmiş Ərəb Əmirliklərində qadın polislər fəaliyyət göstərirlər. İranın Polis Akademiyasında qadın bölməsi fəaliyyət göstərir. Qara geyimdə olan akademiya məzunları təkcə dəftərxana işlərində çalışmır. Onlar İranda xüsusi xidmət orqanlarında da fəaliyyət göstərirlər. 4-cü kursu bitirən qadın məzunlar hər şeyə hazır olurlar. Onlar xüsusi xidmət orqanlarının təşkil etdiyi təlimlərdən keçir, atəş açmağı, döyüşməyi, cinayətkarı avtomobillə izləmək və pulemyot və minaatandan başqa hətta partlayıcı qurğulardan istifadə etməyi də öyrənirlər.
Fələstində də dövlət qadın polislərin xidmətindən yararlanır. Amma fələstinli qadın polislər İrandakından fərqli olaraq şalvar geyirlər. Hazırda Avropa İttifaqına daxil olan dövlətlərdə Fələstin mənşəli yarım milyondan artıq qadın polis çalışır. Tailandda qadın polislər əvvəllər sırf ofis işləri ilə məşğul olurdu. Amma sonradan cinayətkarlara qarşı açıq mübarizəyə keçdilər. Birləşmiş Ərəb Əmirliklərində ilk qadın polislər 2007-ci ildən etibarən hazırlanıb. 2007-ci ildə isə BMT tarixində ilk dəfə Hindistanda 125 nəfərlik qadın polislərdən ibarət tabor yaradıldı. Amma Avropa ölkələrində qadın polis qüvvələrinin potensialından daha çox istifadə edilir. Almaniyada 20 min qadın polis sıralarındadır. Bu, alman hüquq mühafizəçilərinin 10 faizini təşkil edir. Almaniyada, İngiltərədə, ABŞ-da qadın polislər cinayət axtarışı şöbələrində kişilərlə birgə çalışırlar. Dünyada ən çox polis qadınlar ABŞ-da fəaliyyət göstərirlər. Türkiyədə qadınlardan ibarət xüsusi çevik polis dəstələri var. Hətta 1996-1997-ci illərdə Türkiyənin daxili işlər naziri Akgenar Maral adlı qadın olub.
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məişət zorakılığı hadisələrinin araşdırılması zamanı qadın polisi probleminin "qabarıq" olduğunu deyir. "Məişət zorakılığı qurbanları baş verən hadisələrlə bağlı polisə ətraflı məlumat verməməsi, aldığı zədələr və ya ümumi zorakılığın haqda geniş məlumat verə bilməməsi polis idarəsində qadın polislərin az olması ilə əlaqədardır."
Qadın polisini müasir dünyanın "tendensiyası" olduğunu bildirən xanım Zeynalovanın sözlərinə görə, böyük miqyaslı tədbirlərdə, kütləvi aksiyalarda Türkiyə, İran kimi ölkələrdə qadın polislərin gücündən istifadə olunur və buna Azərbaycanda da ehtiyac var.
"Keçən il tədqiqat apardıq ki, niyə qadın polislərin sayı azdır? Məlum oldu ki, müəyyən stereotiplər var. Qadınlar hesab edir ki, bu kişi işidir. Kişilər hesab edir ki, bu cinayətkarlarla mübarizədə qadın kifayət qədər rolu ola bilməz. Ailə dəyərləri, bağlılıqları bu məsələlərə mane olur. Qadın polislərin ailə qurması məsələsində də problem yaranır. Gənc qız tanıyıram, polisdədir və oğlan onun polisdən işdən çıxmasını tələb edir. Biz daha çox ailə münasibətlərinə bağlı olduğumuzdan bütün qərarları bizim yerimizə atamız, qardaşımız, kişimiz verdiyindən çox vaxt bu peşə ilə qadın ailə münasibətlərində kifayət qədər önə gedə bilmir".
Ailə basqılarının qadının polis orqanlarında çalışmasına çətinlik yaratdığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, Daxili İşlər Nazirliyi qadın polislərin sayı ilə bağlı kvota əsasında çalışmır: "Sadəcə olaraq şəxslərin özlərinin prinsipiallığı lazımdı. Məsələn, mən qadın polislər arasında kifayət qədər tanıyıram ki, israrlıdır, amma təəssüf ki, birincilik məsələsi gündəmdə deyil".
Mehriban xanımın dediyinə görə, qadınlarda belə bir fikir formalaşıb ki, cinayətkarlıqla mübarizədə qadınlar zəifdir və kifayət qədər fiziki hazırlıqları yoxdur: "Bu cür yanaşmalar ümumi mənzərəni aydınlaşdırır. Amma mahiyyətcə götürdükdə, ayrı-ayrı gənc qızlar arasında söhbət zamanı polisə qəbul olmaq və polisdə çalışmaq istəyi müşahidə edilir. Əsas problemlərdən biri polisə qəbul zamanı boy göstərcisidir. Avropanın bir çox ölkəsində boy göstəricisi aradan götürülüb. Qadınlar üçün səhv etmirəmsə, 160 sm göstərilib. Bu məsələ qadının polisə işə düzəlməsində müəyyən problem yaradır. Digər tərəfdən, fiziki hazırlıq tələb olunur, bu məsələ də həll olunandı. Qadınların özlərində belə bir xof yaranıb ki, onları polisə işə götürməzlər. Qadınlara Daxili İşlər Nazirliyinə sənədlərin qəbulu, qəbul zamanı prosedurlarla bağlı məlumatlar vermək lazımdır. Çox zaman qadınlar Daxili İşlər Nazirliyinin saytına baxıb, bu məlumatları götürmürlər, həmçinin el arasında olan söhbətlər onların bu istəyinin qarşısını alır".
Mehriban Zeynalova deyir ki, ölkədə qadın polisinə kifayət qədər ehtiyac var: "Yalnız dəftərxanada işləyən qadın polisə yox, küçədə, müəyyən tədbirlərdə, eyni zamanda cinayət hadisələri baş verəndə həmin qadın polislərinə ciddi ehtiyac ortaya çıxır. Ölkənin sosial problemlərindən olan insan alverində və məişət zorakılığında qadın polisinə böyük ehtiyac var. 2010-cu ildə bununla bağlı qanun qəbul olunub və hələ də polis sıralarında məişət zorakılığının qarşısını almaq üçün qadınlarla işləyən qadın polislər yoxdur.
Bu cür məsələlər aktual olaraq qalır. Ən azından həbs olunmuş qadının üstünün yoxlanılması, onlarla danışıqların aparılması qadın polisi tərəfindən həyata keçirilməlidir.
Məişət zorakılığı qurbanı olan qadınlar bir çox hallarda ərizələrini geri götürürlər, sonra ölüm halları baş verir. Bu da ondan irəli gəlir ki, həmin qadınlar kişi polisinə baş vermiş hadisələrin mahiyyətini axıracan deyə bilmirlər. Bu cür sosial, psixoloji və ənənəvi bir hallar var ki, qadın polisinə ehtiyac gündən-günə artır".
Mehriban xanımın fikrincə, bu barədə hüquq mühafizə orqanlarında bir kvota sistemi qoyumalıdır ki, müəyyən sayda qadın hər il polis sıralarına qəbul olunsun: "Qanunvericilikdə bununla bağlı hər hansı ayrı-seçkilik yoxdur. İstənilən qadın həm polis akademiyasına, həm də polis zabitinə qədər sənəd təqdim edə bilər. Universitetlərdə hüquqşünaslıq sahəsi üzrə kifayət qədər təhsil alan qadın var, amma təəssüflər olsun ki, vəkillər, hüquq sistemində işləyənlər daha çox kişilər olur. Hüquq təhsili alan qadınların çoxu bu sahədə işləmir. Yaxşı olardı ki, həmin xanımlar öz sənədlərini Daxili İşlər Nazirliyinə versinlər. Burada onlara kifayət qədər ehtiyac var. Bu barədə qadınlar arasında geniş məlumatlandırma işi aparmaq lazımdır ki, qorxudan və fobiyalardan azad olsunlar. Polisdə işləməyin üstünlüklərini və bu sahədə onların daha gərəkli olmasının mahiyyətini onlara izah etmək lazımdır. Bu gün polisdə qadınların sayı çox olarsa, müəyyən baxımdan balans yaranar. Praktika göstərir ki, qadın çox olduğu yerlərdə kişilər öz davranışına nəzarət edir, mərhəmətli və obyektiv olurlar. Bu barədə cəmiyyət və hüquq-mühafizə orqanları daha çox düşünməlidir".
Mehriban Zeynalovanın sözlərinə görə, getdikcə bütün dünyada orta məktəblərdə artıq şagirdlərin narkotiklərdən istifadəsi artır. Bu məsələyə qadınların müdaxiləsi daha effektiv nəticə verir: "İnsan alverinə qarşı mübarizədə və azyaşlılarla profilaktik iş aparılmasında da qadın polislərə ehtiyac var. Həmçinin ailədaxili zorakılıq hallarında qadın polislərin işi əvəzolunmazdır. Amma onlar adətən çox sadə vəzifələrdə çalışırlar. Fikrimizcə, polisdə xanımların sayını artırmaq lazımdır. Qadınlar özləri də bu işlərə həvəslidir. Məsələn, bir çox Avropa ölkələrində yol polisində işləyən qadınlar daha diqqətli olur. Bəlkə də onlar analıq instinktlərini işdə daha uğurla tətbiq etməyi bacarırlar".
Yol-Patrul Xidmətində və metro polisində qadın polis işçilərinə rast gəlmək mümkün deyil. DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev mətbuata bildirib ki, yol-patrul xidməti ağır səyyar xidmət olduğundan Azərbaycanda bu sahədə işləyən xanım yoxdur: "Xidmətin çətinliyi ilə bərabər, müəyyən qədər milli mentalitet də burada rol oynayır. Qadınlar daha çox oturaq işlərə üstünlük verirlər. Amma yol-patrul xidmətində qadın əməkdaşlara zərurət var. Belə ki, ölkədə sürücü xanımların sayı get-gedə artır".

Ülviyyə Tahirqızı